Müdafiə nazirinin xəbərdarlığı

Misir dövləti dağıla bilər
Müdafiə nazirinin xəbərdarlığı

Misirin müdafiə naziri general-polkovnik Abdal Fəttah əl-Sisi dünən rəsmi bəyanatla çıxış edərək hazırkı siyasi böhranın davam edəcəyi təqdirdə ölkənin dağıla biləcəyi haqda xəbərdarlıq edib: "Müxtəlif siyasi qüvvələr arasında hakimiyyət uğrunda mübarizənin davam etməsi dövlətin kollapsına gətirib çıxara bilər".

"Reuters"in məlumatına görə, o deyib ki, ordu birləşmələri ölkənin həyati əhəmiyyətli obyektlərinin ələ keçirilməsi və binaların dağıdılmaması üçün mühafizəni tam gücləndirib. Məsələn, hərbçilər Misirin ən vacib obyekti olan Süveyş kanalını nəzarət altına alıblar. Əl-Sisinin bəyanatı Misirdə bir həftədir davam edən ağır siyasi vəziyyət fonunda verilib. Müxalifət prezident Məhəmməd Mursini və onun "Müsəlman qardaşları" hərəkatındakı məsləkdaşlarını hakimiyyətin uzurpasiyasında ittiham edir. Qarşı tərəf isə opponentlərini prezident və parlament seçkilərində "Müsəlman qardaşları"na və onun namizədlərinə xalqın göstərdiyi etimada hörmət etməməkdə günahlandırır. Hazırda iri şəhərlərdə çoxsaylı misirlilərin iştirakı ilə prezidentin istefası tələbi ilə mitinqlər davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə