Yerevana səfər etmiş Gürcüstanın Baş naziri Bidzina İvanişvili Abxaziya dəmir yolunun açılmasına razı olduğunu, lakin buna 3 dövlətin siyasi iradəsinin lazım gəldiyini bildirib.
Bu məsələyə münasibət bildirən Gürcüstan Prezidenti Mixeil Saakaşvili jurnalistlərə deyib ki, Baş nazirin bu bəyanatı bir neçə amil baxımından təhlükəlidir. Bu bəyanatda geosiyasi və siyasi-strateji maraqlar nəzərə alınmayıb. Prezident qeyd edib ki, vaxtilə bu dəmir yolu Rusiya vasitəsilə Gürcüstanın Avropaya çıxmasına şərait yaratmışdı, lakin indi həmin yol köhnəlib, Gürcüstanın artıq buna ehtiyacı yoxdur.
M.Saakaşvili deyib ki, əvvəllər başqa dəmir yolumuz yox idi, lakin Rusiya bizi blokadaya aldıqdan sonra Azərbaycanla yeni - daha sürətli, müasir Qars-Axalkalaki dəmir yolunu tikməyə başladıq. Bu gün Abxaziya dəmir yolunun bərpası Gürcüstan üçün vacib deyildir. Rusiya üçün isə Qars-Axalkalaki dəmir yolu Transsibir yoluna rəqibdir. M.Saakaşvili bildirib ki, kim Abxaziya dəmir yolunun açılmasına tərəfdar olduğuna dair bəyanat verirsə, o, Abxaziyanın müstəqilliyini gerçəkləşdirməyə çalışır.
Prezident deyib ki, Gürcüstan Ermənistanla yaxşı əlaqələr yaradılmasını arzulayır. Biz Gürcüstan ərazisindən Ermənistana yük daşınması sahəsində çox iş görmüşük, buna görə hətta Rusiya ilə Yuxarı Lars gömrük-buraxılış məntəqəsini də açmışıq.
M.Saakaşvili, həmçinin Azərbaycanın Gürcüstanın strateji tərəfdaşı olduğunu da diqqətə çatdırıb.
Gürcüstan parlament azlığının nümayəndələri Abxaziya dəmir yolunun açılmasına razılığını bildirən Bidzina İvanişvilinin bəyanatını məsuliyyətsiz bəyanat adlandırıb və bunun rəsmi Tbilisinin Abxaziyanın müstəqilliyini tanıması demək olduğunu qeyd ediblər. Gürcü ekspertlərin bəzilərinin qənaətincə dəmir yolunun açılması ölkə iqtisadiyyatının inkişafına xidmət göstərəcəkdir. Bəzi ekspertlər isə bunun Azərbaycan Respublikasının Gürcüstana qarşı haqlı narazılığına səbəb olacağına əmindirlər. Digər qrup ekspertlər isə Baş nazir Bidzina İvanişvilinin Yerevana səfərdən qayıtdıqdan sonra bu bəyanatı başqa cür şərh edəcəyini deyiblər.
İslam Əliyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB