Qadınları "müasir kölə"yə çevirən qadağa!

Qadınları "müasir kölə"yə çevirən qadağa!

İran Parlamenti qadınların xarici ölkələrə səfərlərini məhdudlaşdıran qanun qəbul edə bilər. SİA-nın İran KİV-lərinə istinadən məlumatına görə, qanun layihəsi yetkinlik yaşına çatmış və nigahda olmayan qadınlara şamil ediləcək.

İranın hazırkı qanunlarına görə, nigahda olan qadınlar xarici ölkələrə səfər etmək üçün mütləq həyat yoldaşlarından icazə almaq məcburiyyətindədirlər. Ancaq nigahda olmayan və pasportu olan qadınlar ölkəni tərk etməkdə sərbəst idilər. Lakin yeni qanun qəbul olunarsa, mütləq qəyyumlarından, xüsusilə də atalarından icazə almalıdırlar. Lakin yeni qanun nigahda olmayan qadınlara xarici ölkəyə səfər etmək üçün qəyyumlarından icazə ala bilmədikləri təqdirdə, mübahisənin həll olunması məqsədilə məhkəməyə müraciət etməyə də imkan verəcək. Qanun layihəsi yaxın günlərdə İran parlamentinin müzakirəsinə çıxarılacaq.

İran hökumətinin bu addımı hüquq müdafiəçilərinin ciddi narazılığına səbəb olub. Belə ki, qadın haqları fəalı, vəkil Şadi Sədi bildirib ki, bu mübahisəli qanunun məqsədi qadınların bir sahibinin olmasını təmin etmək və kişilərə qadınları idarə edə bilmək üçün güc verməkdir. Tanınmış iranlı vəkil Məhəmməd Mustafayi isə bu addımı "müasir köləlik" kimi qiymətləndirib.

Bütün xəbərlər Facebook səhifəmizdə