Silah satışının tənzimlənməsi sahəsində sərt tədbirlər görür
Nyu-York ilk ştatdır ki...

Nyu-York ştatının qubernatoru Endrü Kuomo ştatın vətəndaşlarına silah satışının tənzimlənməsinə dair yeni qanun imzalayıb. Ştatın parlamentinin hər iki palatası tərəfindən bəyənilmiş bu qanun silah alışının qeydiyyatına, potensial alıcıların psixi sağlamlığının yoxlanmasına nəzarəti gücləndirəcək, son kütləvi qətllər, o cümlədən "Avrora" kinoteatrında (Kolorado ştatı), Oreqon ştatının ticarət mərkəzində və Nyutaun şəhərindəki (Konnektikut ştatı) Sendi Xuk ibtidai məktəbində törədilmiş qırğınlar zamanı istifadə olunmuş AR-15 avtomat tüfəngi kimi döyüş silahı üzərində qadağanı möhkəmləndirəcəkdir. Yeni qanun həmçinin silah mağazalarından alınan güllələrin sayını məhdudlaşdıracaq və satıcılar qarşısında potensial alıcıların qeyri-sabit və anormal psixi vəziyyəti barədə məlumat vermək vəzifəsi qoyacaqdır.

ABŞ-ın Milli Atıcılıq Assosiasiyası isə ştatın qubernatorunun və qanunvericilərinin qərarını kəskin şəkildə pisləyib, onları "demokratik prosesdənkənar gizli fəaliyyətdə" ittiham edib. Qubernator Kuomo bu ittihama belə cavab verib ki, qanunun bir neçə gün ərzində qəbul edilməsi kampaniyası qanun qəbul olunanadək kütləvi silah alışına yol verməmək üçün sürətlə keçirilib.

Bu qanunu qəbul etməklə Nyu-York Nyutaun şəhərində 28 adamın, o cümlədən 20 nəfər 6-7 yaşlı uşağın ölümü ilə nəticələnmiş acınacaqlı kütləvi qətldən sonra silah alqı-satqısının ciddi surətdə tənzimlənməsi sahəsində uğurlu tədbirlər görən ilk ştat olub.

Yusif Babanlı

Bütün xəbərlər Facebook səhifəmizdə