Venesuelada iqtidar davası başladı

Çavesin müavinlərinin rəqabət içərisində olduğu iddia edilir
Venesuelada iqtidar davası başladı

Venesuelada prezident Uqo Çavesin səhhətinin pisləşməsi ilə bağlı xəbərlər iqtidar uğrunda mübarizəyə rəvac verib. SİA-nın verdiyi xəbərə görə, müxalifət partiyasından olan deputat Culio Borqes keçirdiyi mətbuat konfransında parlament sədri Diosdado Cabello ilə Çavesin 11 dekabrdakı əməliyyatdan əvvəl bəzi səlahiyyətlərini təhvil verərək xələfi elan etdiyi Maduro ilə arasında böyük bir rəqabət olduğunu bildirib.

Borqes: "Prezident Çaves Kubada canıyla əlləşərkən müavinləri burada iqtidar müharibəsinə başladılar"-deyib. Borqes şənbə günü parlamentdən yan-yana çıxan və xalqın qarşısında qucaqlaşan Maduro ilə Kabellonun şou düzəltdiyini iddia edib.

Keçmiş vitse-prezident Elias Jaua isə "Twitter"da yazdığı açıqlamada ölkənin əməkdaşlığa və birliyə ehtiyacı olduğunu vurğulayıb.

Konstitusiyaya görə Çaves yanvarın 10-da and içməlidir. Ancaq ağ ciyər infeksiyası və nəfəs çatışmazlığı səbəbilə andiçmə mərasiminin təxirə salınacağı bildirilir. 11 dekabrdan bəri mediada heç bir fotosu yayımlanmayan Çavesin səhhəti ölkədə spekulyasiyalara səbəb olur.

Bütün xəbərlər Facebook səhifəmizdə