Gürcüstan tarixində ilk yaşandı

Gürcüstan tarixində ilk yaşandı

Gürcüstan parlamenti ölkə prezidenti Mixail Saakaşvilinin "Amnistiya haqqında" qanuna qoyduğu vetonu aradan qaldırmağı bacarıb. SİA-nın məlumatına görə, bu, Gürcüstan tarixində ilk belə haldır. Vetonun aradan qaldırılmasının lehinə 91 deputat, əleyhinə isə 24 deputat səs verib. Qanuna görə, prezidentin qoyduğu vetonun götürülməsi üçün parlamentin ümumi tərkibinin beşdə-üçünün səsi lazım idi.

"Amnistiya haqqında" qanun layihəsi Mixail Saakaşviliyə geri göndəriləcək, prezident isə onu 7 gün ərzində imzalamalıdır. Əgər Saakaşvili bu dəfə də imtina edərsə, sənədi parlament spikeri imzalayacaq və qanun qüvvəyə minəcək.

Qeyd edək ki, "Amnistiya haqqında" qanun Gürcüstan parlamenti tərəfindən dekabrın 21-də qəbul edilmişdi. Qanuna əsasən, parlamentarilərin siyasi məhbus kimi tanıdıqları 190 məhbus əfv ediləcək. Dekabrın 27-də isə Mixail Saakaşvili qanunu imzalamaqdan imtina edərək, qərarını onunla izah etmişdi ki, birincisi, seksual xarakterli cinayətlərə görə həbsdə olan məhbusları əfv etmək fikrində deyil, ikincisi isə Gürcüstanda bir nəfər də olsun siyasi məhbus yoxdur. "Heç bir beynəlxalq təşkilat Gürcüstandan siyasi məhbusların olmasını təsbit etməyib", - deyəM. Saakaşvili bildirib.

Ekspertlər prezidentin vetosunun aradan qaldırılmasını onunla izah edirlər ki, oktyabrın 1-də seçilmiş yeni Gürcüstan parlamentində çoxluq baş nazir Bidzina İvanişvilinin "Gürcü arzusu" koalisiyasına məxsusdur, Saakaşvilinin "Vahid milli hərəkat" partiyası isə parlamentdə azlıq təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə