Avropa Birliyi MDB Gömrük İttifaqı məsələsinə çox sərt reaksiya verdi
Rusiya prezidenti Vladimir Putinin SSRİ-ni yeni formatda bərpa etmək niyyətinə Qərbdən daha kəskin reaksiyalar gəlməkdədir. Hadisələrin inkişaf istiqaməti göstərir ki, Qərb Rusiyanın bu niyyətindən narahatdır və buna yol verməmək üçün təkcə siyasi bəyanatlar verməyərək, həm də müəyyən real addımlar atmağı düşünür.
Bunun üçün nəzərdə tutulan əsas məqsəd isə ideya müəllifi Moskva olan Qazaxıstan, Rusiya və Belarus arasında yaradılan Gömrük İttifaqının genişlənməsinə yol verməməkdir. Çünki yeni SSRİ-nin nüvəsini elə Gömrük İttifaqının təşkil edəcəyi proqnozlaşdırılır.
Yeri gəlmişkən qeyd edək ki, MDB-nin Aşqabad sammitində Putin Rusiya, Belarus və Qazaxıstanın yaratdığı Gömrük Birliyi və vahid iqtisadi zonanın gələcəkdə Avrasiya Birliyinin yaranması üçün təkan olacağını bildirmişdi. Elə həmin vaxt Putinin səsləndirdiyi Avrasiya üçün inteqrasiya layihəsi haqqında bəyanata dərhal ABŞ-dan cavab gəldi. ABŞ dövlət katibi Hillari Klinton ölkəsinin postsovet məkanında Sovet Ittifaqını bərpa etmək cəhdi kimi qiymətləndirdiyi inteqrasiya proseslərinə qarşı olduğunu bəyan etdi. Onun sözlərinə görə, regionun yenidən sovetləşdirilməsi istiqamətində fəaliyyətlər müşahidə edilir. Lakin bunun adı əvvəlki kimi olmayacaq. Bu, Gömrük Birliyi, Avrasiya Birliyi və ya başqa cür adlandırılacaq. Əsas məqsədin nədən ibarət olduğunu bildiklərini deyən Klinton bu prosesi ləngitmək və ya qarşısını almaq istiqamətində fəaliyyət quracaqlarını bildirib.
İndi isə bu məsələdə ABŞ-ın müttəfiqi olan Avropa Birliyi (AB) konkret addımlar atır. Qeyd edək ki, qurumun xarici məsələlər üzrə Ali komissarı Ketrin Eştonun sözçüsü Maya Koçiyançiç Ermənistanın Rusiya və digər MDB ölkələri ilə birgə Gömrük İttifaqına daxil olmasına dair rəsmi mövqeyini açıqlayıb. O deyib ki, burada əsas problem azad Gömrük İttifaqı ilə bağlıdır: "Ermənistan hansısa gömrük birliyinə qoşulmaq qərarına gəlsə, bu, Avropa Birliyi ilə azad və geniş ticarət zonasının yaradılmasına dair imzalanmış ikitərəfli müqavilə ilə uyğunluq təşkil etməyəcək. Çünki Gömrük İttifaqının ümumi xarici ticarət siyasəti var. Bu ittifaqa daxil olan ölkələr isə artıq xarici ticarət siyasətində suveren deyillər".
Koçiyançiç əlavə edib ki, Avropa Birliyi bir neçə gün bundan öncə Ermənistanla danışıqlar aparıb. Həmin əməkdaşlıq şurası çərçivəsində Ermənistan azad və hərtərəfli ticarət zonası yaradılması haqda danışıqların tərəfdarı olduğunu ifadə edib. Bu da o deməkdir ki, Ermənistanın Rusiya və digər MDB ölkələri ilə Gömrük İttifaqına daxil olması Avropa Birliyi və Ermənistan arasında azad ticarət zonası haqda danışıqlar çərçivəsində əldə edilmiş razılaşmaya ziddir. Lakin Avropa Birliyi Gömrük İttifaqına daxil olmaq istəyən digər MDB ölkələrinə qarşı da eyni mövqe sərgiləyir. Həmin ölkələr ya Rusiyanın istəyinə uyğun olaraq Gömrük İttifaqına daxil olmalıdır, ya da bundan imtina edərək Qərblə iqtisaditicarət əlaqələrini genişləndirməlidir. Ekspertlər hesab edir ki, bununla MDB ölkələrini faktiki seçim qarşısında qoyan Avropa həm də Gömrük İttifaqına qarşı konkret təzyiq mexanizmlərini işə salıb. Onu da xatırladaq ki, Azərbaycan əvvəlcədən Gömrük İttifaqına maraqlı olmadığını bəyan edib. Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev də bu günlərdə bildirib ki, Azərbaycan Gömrük İttifaqına daxil olmaqda maraqlı deyil. Azərbaycan ötən il Vahid Gömrük İttifaqına daxil olmaqdan rəsmən imtina edib. Rəsmi Bakı Avrasiya Birliyi ilə bağlı vaxtaşırı qaldırılan müzakirələrə qatılmır.
Putin isə, istənilən halda, yeni formatda" SSRİ"nin bərpasında israrlıdır. O, Rusiya, Belarus və Qazaxıstanla birgə yaradılmış Gömrük İttifaqını Ümumdünya Ticarət Təşkilatı ilə müqayisə edir: "Keçmiş SSRİ məkanındakı vahid iqtisadi birlik əməkdaşlıq etməkdə böyük kömək edə bilər. Biz artıq Belarus və Qazaxıstanla birgə Gömrük İttifaqı və vahid iqtisadi məkan yaratmışıq. Bu iqtisadi birliyin üstünlüynü tərəfdaşlarımıza izah etmək üçün bizə dialoq çox vacibdir. İqtisadi Birlik Ümumdünya Ticarət Təşkilatının prinsipləri əsasında yaradılacaq". Bir daha xatırladaq ki, Putinin 2010-cu ildə irəli sürdüyü Avrasiya İqtisadi Birliyi ideyası birmənalı qarşılanmayıb. Müşahidəçilərin fikrincə, Putinin bu ideyası keçmiş SSRİ-nin yeni formatda bərpasına cəhddən başqa bir şey deyil.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB