Yaponiyada dekabrın 16-da keçirilmiş ümumi seçkilərdə keçmiş Baş nazir Sinzo Abenin rəhbərlik etdiyi Liberal-Demokratik Partiya inamlı qələbəyə doğru qətiyyətlə irəliləyir.
Yerli vaxtla saat 23.30-a olan məlumata görə, Liberal-Demokratik Partiya bu seçkidə 265 deputat mandatı qazanıb. Onun tərəfdaşı Komey Partiyası isə 27 mandat qazanıb. Bu iki partiya birlikdə parlamentin aşağı palatasında çoxluğu artıq ələ alıb.
Yaponiyanın NHK kanalının seçki məntəqələrindən çıxan seçicilər arasında apardığı sorğunun nəticələrinə görə, Liberal-Demokratik və Komey partiyaları 302-dən 345-dək deputat mandatı qazanacaqlar.
Baş nazir Yoşihiko Nodanın rəhbərlik etdiyi Yaponiya Demokratik Partiyası üç il üç ay hakimiyyətdə olduqdan sonra sarsıdıcı məğlubiyyətə uğrayıb. Əvvəlki parlamentdə 230 yerə malik olan bu partiyanın cəmi 38 yerlə kifayətlənəcəyi bildirilir.
Mətbuat konfransında çıxış edən Baş nazir Y.Noda bu məğlubiyyətə görə, məsuliyyəti öz üzərinə götürəcəyini və Demokratik Partiyanın sədri vəzifəsindən istefa verəcəyini bildirib.
Vüqar Ağayev
AzərTAc-ın xüsusi müxbiri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB