Yeni parlamentinin ilk iclasında dava düşdü

Yeni parlamentinin ilk iclasında dava düşdü

Ukyrana parlamentinin yeni çağırışının deputatları elə ilş iş günündə dava-dalaş salıblar, beləliklə, nə spikeri seçə, nə də baş nazirin namizədliyini təsdiqləyə biliblər. Müxalifət partiyalarının nümayəndələri sədarəti mühasirəyə alıblar və kadr məsələlərinə baxılmasının bir gün təxirə salınmasına nail olublar. Spiker vəzifəsinə yeganə namizəd hakim Regionlar Partiyasından olan millət vəkili Vladimir Rıbakdır. Baş nazir vəzifəsinə isə prezident Viktor Yanukoviç yaxın silahdaşı Nikolay Azarovun namizədliyini irəli sürüb.

Ukrayna Ali Radasında 450 deputat var. İlk iclasda beş fraksiya yaradılıb. Onlardan ən böyüyü Regionlar Partiyasının 210 deputatlıq fraksiyasıdır. Bu fraksiyada partiya üzvlərindən əlavə, 25 müstəqil deputat da təmsil olunur.

Müxalif "Batkivşina" fraksiyasında isə 99 denputat var. Əslində, parlamentdə bu partiyanın 101 deputatı var. Lakin ata və oğul - Aleksandr və Andrey Tabalovlar son anda fraksiyaya qoşulmaqdan imtina ediblər. Bu zaman parlamentdə dava düşüb. Partiyadaşları ata və oğula hücum ediblər.

Parlamentin ilk iclası günortaya yaxın başlayıb. Lakin deputatlar axşamadək heç bir vacib məsələni müzakirə edə bilməyiblər. Müxalifət partiyalarının nümayəndələri parlamentin işinə bir neçə saat mane olublar və Tabalovların statusunun dəqiqləşdirilməsini tələb ediblər.

Müxalifətçilər reqlamentin pozulduğunu da iddia ediblər. Onların sözlərinə görə, hakim partiyadan olan deputatlar öz həmkarlarının kartı ilə səs verirlər. Bundan başqa, müxalifət Ali Radanın işinin uzadılmasına da etiraz ediblər və iclasın təxirə salınmasını istəyiblər. Saat 19.30-da deputatlar müxalifətin tələbini qəbul ediblər və iclas bu gün səhərədək təxirə salınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə