ABŞ Suriyaya müdaxiləyə hazırlaşır

ABŞ Suriyaya müdaxiləyə hazırlaşır

Suriyada baş verən hökumət-müxalifət qarşıdurmasını diqqətlə izləyən ABŞ bölgədə hadisələrin təhlükəli istiqamətdə inkişaf etməsindən narahat olmağa başlayıb. Bunu ABŞ-ın özünün ən böyük hərbi gəmisi "Eysenhover"in Suriya sərhədlərinə göndərməsi bir daha sübut edir.

Gəminin səkkiz hərbi təyyarə və səkkiz min hərbçi ilə Suriya sahillərinə istiqamət alması isə Rusiya, İran və Çin tərəfindən ciddi narahatlığa səbəb olub. Bəzi məlumatlara görə, ABŞ bununla da Suriyaya hərbi müdaxiləyə hazırlaşdığını nümayiş etdirir. Xatırladaq ki, hazırda bölgədə ABŞ 27 hərbi gəmiyə və 70 hərbi təyyarəyə malikdir. Onu da deyək ki, 2003-cü ildə İraqa müdaxilə ərəfəsində də ABŞ analoji addımlar atmışdı.

Rusiyanın NATO-dakı nümayəndəsi Aleksandr Qruşko mətbuata verdiyi son açıqlamasında "Patriot"ların Türkiyə-Suriya sərhədinə yerləşdirilməsini ABŞ-ın Əsədə qarşı hücumuna hazırlıq kimi dəyərləndirib.

Suriyada müxalifətin uğurlu hücum əməliyyatı davam edir

Suriya Azadlıq Ordusunun döyüşçüləri Safira şəhərində hakim BƏƏS partiyasının mənzil qərargahını ələ keçiriblər. Bu haqda müxaliflərə yaxın KİV-lər məlumat veriblər.

Onu da deyək ki, bu şəhər Hələbdən cənubi-şərqdə yerləşir. Safirada Suriya ordusunun ən böyük hərbi bazalarından biri yerləşir. Safira şəhərindəki bazalardan əlavə bu şəhər yaxınlığındakı böyük hərbi anbarlarda külli-miqdarda silah-sursat saxlanılır.

Qərb ölkələrinin kəşfiyyat orqanlarının verdiyi məlumata görə, məhz Safira şəhərindəki hərbi zavodlardan birində Əsəd rejimi kimyəvi silahlar istehsal edir və bu kütləvi qırğın silahları şəhərdəki böyük hərbi anbarlarda saxlanılır.

Bu arada isə Humusdakı Kuba məscidi yaxınlığında bomba dolu yük maşını partladılıb. Nəticədə məsciddə olan yüzlərlə insan yaralanıb. Onların arasında uşaqlar da var. Partlayış nəticəsində ətrafdakı binalara da zərər dəyib.

Türkiyəyə qaçqın axını 200 min nəfəri ötdü

Türkiyəyə Suriyadan gələn qaçqınların sayı isə sürətlə artmaqda davam edir. Bununla əlaqədar Dublində keçirilən ATƏT Xarici İşlər Nazirləri Şurasının toplantısında iştirak edən Türkiyə Xarici İşlər Nazirliyinin müşaviri Feridun Sınırlıoğlu bildirib ki, Suriyadan gələn qaçqınların sayı 200 min nəfəri ötüb. O deyib ki, qaçqınlar 13 çadır şəhərciyində yerləşdiriliblər və onların ehtiyacları üçün Türkiyə bu günə kimi 400 milyon dollar xərcləyib.

BMT İnsan Haqqları Komitəsi isə Suriyadan qonşu ölkələrə 600 min nəfərə yaxın adamın qaçdığını bildirib. İnsan Haqqları Komitəsi hazırda Suriyada 3 milyona yaxın insanın humanitar fəlakət astanasında olduğunu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə