Fələstinin BMT qələbəsi!

BMT-nin iclasında keçirilən səsvermədə Fələstinin tələbi üçün 138 ölkə ''bəli'', 9 ölkə ''xeyr'' deyib. 41 ölkə isə bitərəflik nümayiş etdirib. Fələstinə "xeyr" deyən ölkələr arasında ABŞ, İsrail, Kanada, Panama kimi ölkələr yer tutub. Bununla yanaşı, Türkiyə və Azərbaycan da qərarın lehinə səs verən ölkələr sırasında yer alıb. Beləcə, BMT-də üzv olmayan müşahidəçi dövlət statusu qazanan Fələstin, BMT sistemindəki təmsil olunmaq imkanlarında bir addım da irəliləyib. Fələstin əldə etdiyi bu qələbə sayəsində İsrailin işğal faktı, israillilərin Fələstində qeyri-qanuni məskunlaşmaları və hücumları haqqında beynəlxalq müstəvidə məsələ qaldıra biləcək.

Bu nəticənin ardınca ABŞ bildirib ki, bir sıra beynəlxalq təşkilatlara etdiyi yardımları azaldacaq. ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Rice qərarın sülhün pozulmasına səbəb olacağını deyib. ABŞ-ın xarici işlər naziri Clinton səsvermənin atəşkəs rejimini zədələyəcək qərar olduğunu vurğulayıb.

Lakin bütün bu təpkilərə baxmayaraq, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Fələstinin prezidenti Mahmud Abbası ''Üzv olmayan Müşahidəçi Dövlət'' statusu əldə etdiyinə görə təbrik edib: "Türkiyə Fələstinə dəstəyini davam etdirəcək".

Xatırladaq ki, ötən il Fələstinin bu tələbi yalnız UNESCO tərəfindən qəbul edilmişdi. ABŞ məhz bu səbəblə UNESCO-ya göstərdiyi yardımları azaltmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə