Fələstinlilər qələbə çaldı

Fələstinlilər qələbə çaldı

Həmas İsraillə Fələstin arasında atəşkəs haqqında sənəd imzalanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, İsrail Qəzza zolağına hücuma və Fələstin qruplaşmalarının liderlərini məhv etmək üçün zərbələr endirməyə son qoymağı öhdəsinə götürüb. İmazlanmış sazişə görə, İsrail Qəzza zolağını ətraf aləmlə birləşdirən sərhəd məntəqələrini də açmalıdır. Bu hadisə atəşkəsdən 24 saat sonra baş verməlidir. Fələstinlilər isə öz növbələrində Qəzza zolağından İsrailə qarşı istənilən düşmən hərəkətlərinə son qoymağı öhdələrinə götürürlər.

Həmasın siyasi bürosunun rəhbəri Xalid Məşəlin sözlərinə görə, bu saziş Qəzza zolağının blokadasına son qoyulması deməkdir: "İsrail və Qəzza zolağı arasında atəşin kəsilməsi barədə sazişin imzalanması fələstinlilərin qələbəsidir. İsrailin sonuncu təcavüzü göstərdi ki, müqavimət Fələstin dövlətini yaratmaq üçün ideal seçimdir. Bizim əldə etdiyimiz nəticələr bütün fələstinlilərin və ərəblərin qələbəsidir".

Elvin Abdulqədirov

Bütün xəbərlər Facebook səhifəmizdə