Ermənistanda ilk dəfə prezident vəzifəsinə qadın namizədliyi irəli sürülə bilər
Siyasətşünas, Ermənistan "Azad demokratlar" Partiyasının sədri Anuş Sedrakyan 2013-cü il fevral ayında gözlənilən prezident seçkilərində namizədliyini irəli sürməyə hazırlaşır. Anuş Sedrakyan son günlər yerli mediada müzakirə olunan bu məlumatı təkzib etməyib. Onun sözlərinə görə, hal hazırda bu məsələ partiya daxilində götür-qoy edilməkdədir.
"Bu müzakirələr özü özlüyündə yeni təfəkkür formalaşmasının əsasını təşkil edir. Biz artıq tanıdığımız namizədlərə öyrəşmişik və bizə elə gəlir ki, siyasətdə nəsldəyişmə üçün yer yoxdur, bir halda ki, siyasət tək nəsllər dəyişməsi deyil, konsepsiya və yanaşmalar dəyişməsidir. Biz yeni siyasi mədəniyyət tətbiq edirik", - o deyir.
Ermənistan kimi köhnəliyə sadiq mühafizəkar bir cəmiyyətin ölkə başında qadın prezident görməyə nə dərəcədə hazır olduğuna gəldikdə, Anuş Sedrakyan cəmiyyətdə həqiqətən də patriarxal şüurun dərin kök saldığını bildirir. Lakin o qeyd edir ki, "eyni zamanda öz davranışında cəmiyyət patriarxal deyil, çünki əsas məsuliyyət yükü qadınların üzərinə düşür, və, təbii ki, daha böyük məsuliyyət daşıyanlar bərabər hüquqa malik olmalıdırlar".
Hakim Respublikaçılar Partiyasının parlament üzvü Artak Davtyan "Azad Demokratlar" Partiyasının təşəbbüsünü müsbət hal hesab edir. Onun sözlərinə görə, qadın namizədin seçkilərə qatılması seçki atmosferinə müsbət təsir edər.
İlkin sorğular əhalinin bir qisminin qadın namizədin prezident vəzifəsi üçün mübarizəyə qatılmasına qeyri-ciddi yanaşır, digərləri isə onun lehinə səs verməyə hazır olduqlarını bildirirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB