İranın nüvə problemi müzakirə olunub

İranın nüvə problemi müzakirə olunub

İranda səfərdə olan Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili ilə görüşüb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, görüşün əsas mövzusu İranın mübahisəli nüvə proqramı və Suriyadakı vəziyyət olub.

S.Cəlili çıxışında bildirib ki, İran "altılıq" ölkələrin tezliklə müzakirələr masasına əyləşməsini gözləyir: "İran 4 aylıq bir aradan sonra müzakirələrin yenidən başlayacağını və İranın istəklərinə cavab verəcəyini ümid edir. Biz hər zaman müzakirələrə hazırıq və "altılıq" ölkələrinin İranın təbii haqlarının təmin edilməsi məsələsində lazımi cavab verməsi vacibdir". Suriyadakı vəziyyətə də toxunan İran rəsmisi Qərb ölkələrinin mövqeyinin bu məsələdə yanlış olduğunu, ABŞ və İsrail rejiminin düşməncə siyasətinin uğursuzluğa uğradığını deyib.

S.Ryabkov isə Rusiyanın İran nüvə proqramını dəstəklədiyini deyərək, növbəti görüşdə "altılıq" ölkələrinin rəsmi Tehranın təklifinə cavab verməsinin lazım olduğunu bildirib. Rusiya rəsmisi vurğulayıb ki, Suriyadakı vəziyyətdən yeganə çıxış yolu iqtidarla müxalifət arasında dialoqun başlanması və şiddətin dayandırılmasıdır. S.Ryabkov Suriyadakı müxalif qüvvələrin silahlandırılmasının bəzi ölkələrin yanlış siyasətinin bir parçası olduğunu da vurğulayıb.

Elvin Abdulqədirov

Bütün xəbərlər Facebook səhifəmizdə