Yeni partiya lideri seçildi

Çin Kommunist Partiyasının (ÇKP) 18-ci Milli Konqresi sona çatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ölkəni idarə edəcək şəxs sabah ictimaiyyətə təqdim olunacaq. Paytaxt Pekində Böyük Xalq Sarayında keçirilən Konqresdə ÇKP-nın yeni Mərkəzi Komitəsi seçilib. Konqresdə həmçinin ÇKP-nın yeni Mərkəzi İntizam və Nəzarət Komissiyası da seçilib. Çinin siyasi tarixində əhəmiyyətli hadisə kimi qiymətləndirilən 18-ci Milli Konqres bu gün Mərkəzi Komitəsini, sabah isə yeni daimi politik Büro üzvlərini və ÇKP-nın baş katibini seçəcək.

Yeni Mərkəzi Komitədə adları dövlət başçısı və baş nazirlik üçün hallanan Çin dövlət başçısının köməkçisi Şi Cinping və baş nazirin köməkçisi Li Kıçiangla yanaşı ÇKP-da yüksək postları tutan Vang Çişan, Liu Yandong, Liu Yünşan, Li Yüençao, Vang Yang, Çang Gaoli , Çang Dıciang və Yü Cıngşıngın da adları var.

Bağlanış mərasimində çıxış edən Çinin dövlət başçısı və ÇKP-nın baş katibi Hu Cintao ÇKP-nın yeni Mərkəzi Komitəsini seçdiyini və yaşlı liderlərlə yanaşı, gənc liderlərə də şans verdiyini bildirib.

Qeyd edək ki, Çində liderlərin seçilməsi 10 ildən bir keçirilir. Dünyanın ikinci böyük iqtisadiyyatına sahib olan Çinin tarixi Konqresi 8 noyabrda başlamışdı və bir həftə bağlı qapılar arxasında davam etmişdi.

ÇKP-nın Siyasi Bürosunun 9 daimi, 24 müvəqqəti üzvü var. Mərkəzi Komitədə isə 204 üzv var. Bundan başqa Komitəyə 164 rütbəli alternativ üzv daxildir. 82 milyon üzvü olan partiyanın Konqresində 2213 nümayəndə iştirak edib.

Elvin

Bütün xəbərlər Facebook səhifəmizdə