Milyarderin “Titanik” həvəsi

Milyarderin “Titanik” həvəsi

Söhbət Avstraliyanın ən varlı adamlarından biri, kömür maqnatı Klayv Palmerdən gedir. Rəsmi varidatı 5,3 milyard dollar olan milyarderin arzusu gəminin tarixi yox, adlı filmlə bağlıdır. Deyilənə görə "Titanik" filminin pərəstişkarı olan Palmer gəminin burnunda Leonardo Di Kaprionun keçirdiyi hissləri yaşamaq istəyir. Bu epizod Azərbaycan tamaşaçılarına da yaxşı bəllidir və əlbəttə Di Kaprionun o səhnədə tək olmadığını da xatırlayırlar. Milyarderin isə gəminin burnunda dayanıb üfüqə tamaşa edəcəyi anda tək olub olmayacağı hələ bəlli deyil. Bəlli olan odur ki, Palmer artıq sifarişin yerinə yetirilməsi üçün səxavət kisəsinin ağzını açıb. Gəmi maksimum dərəcədə tarixi sələfinə bənzəyəcək. Xarici görünüşü və interyer tamamilə orijinaldan fərqlənməyəcək, yalnız xilasedici qayıqların sayı artırılacaq ki, qəza baş verəcəyi halda bütün sərnişinlərə yer olsun. Əgər qəza təkrar olunarsa onda həqiqətən də "məğlubedilməz Titanikin" suya qərq olmasını mistika ilə əlaqələndirənlərin sözləri təsdiqlənəcək. Mühəndislərin planına görə "Titanik 2" artıq 2016-cı ildə suya buraxıla bilər.

Qeyd edək ki, yeni "Titanik" yaratmaq Palmerin ilk qeyri-adi həvəsi deyil. Bu yay o Stiven Spilberqin "Yura dövrünün parkı" filminə də heyranlıq əlaməti olaraq həqiqi Yura dövrünün parkını yaratmaq eşqinə düşüb. Avstraliyalı milyarderin bu yöndə işlərə başladığı da deyilir. O, 1996-cı ildə dolli adlı qoyunu klonlaşdıran alimlərlə razılığa gəlib və onlar dinozavrların DNK-sından həqiqi canlılar yaratmalıdırlar. İndi milyarder səbirsizliklə nəhəng dinozavrların onun Avstraliyada aldığı yeni istirahət parkında gəzişəcəyi günü gözləyir.

Şahin Abasov

SİA-nın Almaniyadakı xüsusi müxbiri

Bütün xəbərlər Facebook səhifəmizdə