"Avropa kəmərini bərk bağlamalıdır"

Angela Merkel: “Böhranın bir ilə bitəcəyini deyənlər yanılırlar”
"Avropa kəmərini bərk bağlamalıdır"

"Böhranın fəsadlarını aradan qaldırmaq üçün Avropaya beş il, hətta daha uzun müddət lazım olacaq. Bu dövrün bir, uzağı iki ilə başa çatacağını deyənlər yanılırlar". Bu sözləri Almaniyanın kansleri Angela Merkel Xristian Demokratlar İttifaqının qurultayında bəyan edib. Avropanın ən azı daha 5 illiyə "kəmərini bərk bağlamalı" olacağını deyən, xanım Merkel ilk növbədə diqqəti etimadsızlıq böhranına yönəltməyin və bunun yaratdığı fəsadların aradan qaldırılmasının vacib olduğunu vurğulayıb.

"Hazırda Avropa etimadsızlıq böhranı yaşamaqdadır. Çoxlu sayda investorlar bizim verdiyimiz sözü yerinə yetirəcəyimizə şübhə ilə yanaşırlar. Biz ciddi tədbirlər görməliyik ki, AB ölkələrinə yeni investisiyalar yönəldə bilək", deyən kansler bu istiqamətdə məcburi addımların atılmasının vaxtının çatdığını bildirib. Onun sözlərinə görə, ciddi tədbirlər görülmədən Avropanı investorlar üçün cəlbedici məkana çevirmək mümkün olmayacaq.

Xatırladaq ki, təxminən bir ay öncə Almaniyanın nüfuzlu araşdırma institutlarından biri də böhranın daha 10 il hökm sürəcəyi proqnozu ilə çıxış etmişdi. Həmin vaxt ingiltərəli həmkarları da buna yaxın bir proqnozla alman ekspertlərin sözünə dəstək vermişdilər. Növbəti bəyanatın Almaniyanın liderindən gəlməsi isə təsadüfi deyil. Xanım Merkel diqqəti AB-nin noyabrın 24-25-də keçirilməsi planlaşdırılan növbəti sammitinə yönəltmək və bu sammitdə ciddi qərarların qəbul edilə biləcəyinə işarə vermək istəyindədir. Sammit öncəsi kanslerin Böyük Britaniyanın baş naziri Devid Kemeronla bir sıra danışıqlar aparacağı da nəzərdə tutulur. Bundan başqa xanım Merkel hazırda qarşısına qoyulan şərtləri layiqincə yerinə yetirən Portuqaliyanın rəhbərləri ilə də sammitə qədər görüşməyi planlaşdırır.

Şahin Abasov

SİA-nın Almaniyadakı müxbiri

Bütün xəbərlər Facebook səhifəmizdə