Avrozonada işsizlik rekord həddə çatdı

Avrozonada işsizlik rekord həddə çatdı

17 ölkəni özündə birləşdirən avrozonada işsizlik həddi 11,6%-ə qalxıb. 2012-ci ilin sentyabr ayına olan bu yekun hesablama yeni rekord həddidir. Məlumatı "Eurostat" Statistika Agentliyi yayıb. Halbuki ən pessimist analitiklərin proqnozlarında bu rəqəm 11,4%-i keçməməliydi. Ötən ilin sentyabrı ilə müqayisədə bu 1,3% çoxdur. Belə ki, ötən il ümumi avrozonada işsizlik səviyyəsi 10,3% olub. Əlbəttə, ümumi valyutaya malik zonada aparıcı dövlətlər özlərində işsizlik səviyyəsini qoruyub saxlamağa çalışırlar. Məsələn Avstriya, Lüksemburq, Niderland və Almaniyada göstəricilər çox az dəyişikliyə məruz qalıb. Ən çox Avstriya öyünə bilər, bu ölkədə işsizlik səviyyəsi avrozonada ən aşağı, 4,4% səviyyəsindədir. Lüksemburq (5,2%), Niderland və Almaniya(hər ikisində 5,4%) da təskinlik verən göstəriciyə malikdirlər. Ümumi rəqəmin rekord həddə çatmasının əsas "günahkarları" isə Yunanıstan və İspaniyadır.

Yunanıstanda bu ilin sentyabr ayı üçün işsizlik səviyyəsi 25,3% -ə qalxıb. Amma bu da ən pisi deyil. Acınacaqlı vəziyyət İspaniyadadır. Bu ölkədə hazırda əhalinin 25,8%-i işsizdir. Analitiklər avrozonada işsizliyin ümumi göstəricisinin azalmaq ehtimalının olmaması qənaətindədirlər. Amma, dövlətlər arasındakı kəskin fərq azala bilər ki, bu da işsizliyin son dərəcə yüksək olduğu ölkələrdən işçi qüvvələrinin başqa Avropa dövlətlərinə axışması ücbatından baş verəcək. Məsələn, İspaniyadan Almaniyaya qazanc dalınca gələn işsizlər ordusu uyğun olaraq statistikanı da həmin ölkəyə "daşımış" olurlar. Ucuz iş təklif edən gəlmələr almanların əlindən işlərini almaqdadırlar ki, bu da nəticədə statistik rəqəmlərdə özünü göstərmiş olacaq.

Şahin Abasov

SİA-nın Almaniyadakı müxbiri

Bütün xəbərlər Facebook səhifəmizdə