Sendi qasırğası 11 can aldı

ABŞ-ın şərq sahillərini vuran "Sendi" qasırğasının qurbanlarının sayı 11-ə çatıb. SİA-nın "cnntürk"-ə istinadən verdiyi məlumata görə, daha öncə 5 nəfərin öldüyü bildirilirdi. Güclü külək və yağış nəticəsində 3 milyon ev elektriksiz qalıb. ABŞ Milli Qasırğa xəbərdarlığı mərkəzinin məlumatına görə, qasırğa sahili gözlənildiyindən zəif vurub.

Eyni zamanda məlumatlara əsasən, Nyu-Yorkun Manhetten və Kvins rayonlarında metropoliten tunelləri su ilə dolub. Lakin artıq suyun səviyyəsi enməkdədir. Bu səbəbdən də ölkədə 468 metrostansiya bağlanılıb. Bir sıra sosial şəbəkələrdə qasırğanın Nyu-Yorka özü ilə köpək balıqlarını gətirdiyi yazılıb və müvafiq şəkillər əlavə olunub.

Latın Amrikasında başlayan qasırğa bu vaxta kimi onlarla insanın ölümünə səbəb olub. ABŞ prezidenti Barak Obama qasırğa ilə bağlı əhaliyə xəbərdarlıq edib. Ağ ev rəhbəri bunun çox ciddi və təhlükəli olduğunu deyib: "Vəziyyəti ciddi qəbul edin və hər şeyə hazırlıqlı olun".Təbii fəlakətlə bağlı BMT-nin Nyu-Yorkdakı mənzil qərargahı da bağlanıb.

Qeyd edək ki, türk hava limanının Vaşinqton və Nyu-York səfərləri daxil olmaqla, ABŞ-ın şərq sahillərinə 7500 təyyarə reysi ləğv edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə