Fəhləlikdən hökumət rəhbərliyinə

Fəhləlikdən hökumət rəhbərliyinə

Və ya Gürcüstanın yeni baş naziri kimdir?

Məlum olduğu kimi, bu gün Gürcüstan parlamenti ölkənin yeni hökumətinin tərkibini təsdiqləyib. Beləliklə oktyabrın 1-də keçirilmiş parlament seçkisində qələbə qazanmış "Gürcü arzusu" blokunun lideri Bidzina İvanişvilinin rəhbərlik etdiyi yeni hökumətin fəaliyyətinə rəsmi start verilib. B.İvanişvilinin özü isə ölkənin baş naziri postunu tutub. Gürcüstan Respublikasının yeni hökumət rəhbərinin tərcümeyi-halını təqdim edirik.

B.İvanişvili 1956-cı ilin fevralın 18-də Gürcüstanın qərbində yerləşən İmereti regionunun Saçxer rayonunun Çorvila kəndində anadan olub. 1973-cü ildə Saçxer rayonunun Sairxi kənd orta məktəbini bitirib. Həmin il Tbilisi Dövlət Universitetinə daxil olub. İqtisadçı-mühəndis ixtisası üzrə təhsil alan Bidzina paralel olaraq Kamo adına Gürcüstanın mexanika zavodunda köməkçi fəhlə və təmizlik işçisi işləyib.

İvanişvili 1980-cı ildə universiteti əla qiymətlərlə bitirib. Həmin il tələbəlik illərində çalışdığı zavodda böyük mühəndis, daha sonra zavodun laboratoriya rəisi vəzifəsini tutub. 1982-1986-cı illərdə Moskvada aspirantura təhsili alıb və namizədlik dissertasiyasını müdafiə edib.

1988-ci ildə dostları ilə "Aqroproqres" kooperativini təsis edib. Daha sonra bu qurum istehsal kompaniyasına çevrilib. İvanişvili 1990-cı ildə "Rusiya krediti" bankını təsis edib. 1991-ci ildə həmin bankın sədri və direktorlar şurasının prezidenti olub. 1996-cı ildə Bidzina "Kartu bank"ı yaradıb.

Gürcüstanın yeni baş naziri həmçinin "Unikor" kompaniyasının yaradıcısı və rəhbəridir.

Ailəlidir, 4 övladı var.

Bütün xəbərlər Facebook səhifəmizdə