Almaniya ispaniyalı fəhlələrə qapılarını açır

Almaniya ispaniyalı fəhlələrə qapılarını açır

Təxminən iki ay bundan əvvəl müzakirəyə çıxarılan məsələ bu günlərdə yenidən gündəmə çıxarılıb. SİA-nın məlumatına görə, yerli "Morgen Post" qəzeti yazır ki, Almaniya İspaniyalı gəncləri işlə təmin etmək yolundə ilk addımlarını atmaq niyyətindədir.

Bir qədər öncə bu məsələ hətta maliyyə naziri cənab V.Şoyble səviyyəsində qaldırılmışdı. Bundan sonra ispaniyalı gənclər özlərini Almaniyada qastarbayter kimi sınaya bilər. Yeri gəlmişkən, Rusiyada da dəbdə olan "qastarbayter" termini elə almanlara məxsusdur və bu dildən tərcümədə "gəlmə işçi" mənasındadır. Onlar müharibədən sonra ölkəni dirçəltmək üçün dəvət etdikləri xarici işçıləri belə adlandırırdılar. O zaman bu dəvətlilər əsasən türklər və serblər idi, indi isə ispanlara qapılar açılır. Amma sohbət adi, fiziki işləri görəcək işçilərdən getmir, onlar onsuz da bu və ya digər vasitələrlə artıq Almaniyadadırlar. Merkel Almaniyası İspaniyadan mütəxəssilər dəvət etmək istəyindədir. Bunlar əsasən həkimlər, uyğun fənlər üzrə müəllimlər, mühəndislər və proqramçılardır. Almaniya burda ikili məqsəd güdür. Birincisi, özündə adları çəkilən sahələrdə kadr çatışmazlığını aradan qaldırmaq, ikincisi İspaniyada artan işsizlik dalğası ilə bağlı etirazları zərərsizləşdirmək.

Əslində bu ispanlar üçün cəlbedici təklif olmalıdır. Hər halda həmkarlar ittifaqının geniş qanadları altında yaxşı qorunan alman işçiləri ən azı İspaniyadakından fərqlənirlər. Ispaniyada işçilərin hüquqları bu qədər qorunmur və fərqli məvacib alırlar. Buna baxmayaraq mütəxəssislər hesab edirlər ki, ispan gəncləri alman firmalarında işləməyə o qədər də həvəs göstərmirlər. Onlar daha çox almaniyada olmaqla ispan firmalarında işləməyə üstünlük verirlər. Məsələ burasındadır ki, ispan işçilər almanların ciddi iş rejiminə tab gətirmirlər. Almaniyada 8 saatlıq iş günü elə 8 saatlıq iş günüdür və işçi bu saatlarda mütləq işləməlidir. İspaniyada isə 8 saatlıq iş gününün müəyyən bir hissəsini tələsmədən, çay içə-içə həmkarlarla söhbət eləməyə, evə zəng vurub arvadından uşaqların kefini soruşmağa, internetdə tanışlıq qurmağa sərf eləmək olar. Bu barədə hətta dəqiq statistika da var. Mütəxəssilərin apardığı müşahidələr göstərib ki, ispaniyada işçi 8 saatlıq iş gününün ən uzağı 5 saatını işə sərf edir, qalan 3 saatı isə yuxarıda sadaladığımız və digər buna bənzər sheylərə xərcləyirlər. Beləliklə, Almaniyanın təklifinin, daha doğrusu razılığının ispaniyalı gənclər arasında necə qarşılanacağını tezliklə görə biləcəyik. Sonra isə növbəti mərhələ, alman sahibkarların bu işçilərdən nə qədər razı qalmalarını görmək mərhələsi başlayacaq.

Şahin Abasov,

SİA-nın Almaniyadakı müxbiri

Bütün xəbərlər Facebook səhifəmizdə