"Opponentinizi çılpaq görəndə özünüzə inam hiss edirsiniz?"

"Opponentinizi çılpaq görəndə özünüzə inam hiss edirsiniz?"

Ukraynanın keçmiş baş nazirinin sözlərinə görə, dövlət başçısı onun üçün ayaqyolunda və duş kabinəsində də gizli kamera quraşdırtdırıb

Ukraynanın həbsdə olan eks-baş naziri Yuliya Timoşenkonun ölkə prezidenti Viktor Yanukoviçə müraciəti yayımlanıb. O, müraciətində dövlət başçısını çox kəskin ifadələrə "qonaq edib". Bildirib ki, məhz prezidentin göstərişi ilə onun izlənilməsi üçün hər yerdə (hazırda Timoşenko Xarkovdakı müalicə müəssisəsində müalicə olunur) video-kameralar quraşdırılıb və çəkilənlərə Yanukoviç özü tamaşa edir.

Keçmiş baş naziri deyir ki, müdafiəçiləri ilə görüş üçün nəzərdə tutulan konfidensial otaqda üç video-kamera quraşdırılıb. İki kamera isə duş kabinəsindədir. Timoşenkonun müşahidəsinə görə, hətta iki unitazın hər birində də kamera mövcuddur. "Tibbi tədbirlərin əksər hissəsində paltarın tamamilə çıxarılmasına ehtiyac var. Bunu gizli kameralar lentə alıblar və almaqdadırlar", - deyən Timoşenko bunu qeyri-qanuni addım, mənəvi cinayət kimi dəyərləndirib. O, Yanukoviçə xitabən bunları deyib: "Video-görüntülərdə siz şəxsən nəyi görmək istəyirsiniz? Tualetdə, duşda, həbsxana palatasında nəyi görmək istəyirsiniz? Bu filmləri neynirsiniz? Onlara özünüz tək baxırsınız, yoxsa dostlarınızla birgə? Siyasi opponentinizi çılpaq görəndə özünüzə inam hiss edirsiniz?".

Eks-baş nazir müraciətinin sonunda daha müalicə olunmaq istəmədiyini, bunu azadlığa çıxarkən edəcəyini vurğulayıb.

Qeyd edək ki, Y.Timoşenkonun açıqlamasına cavab olaraq Ukraynanın Penitensiar Xidməti məlumat ayıb. Məlumatda bilidirilir ki, müalicə müəssisəsində nəzərdə tutulmayan yerlərdə hər hansı kamera yoxdur.

Onu da deyək ki, eks-baş nazir 2009-cu ildə Rusiya ilə imzalanmış qaz sazişində yol verdiyi qanunsuzluğa görə 7 il müddətinə azadlıqdan məhrum edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə