Modern tikililər-quşların ölüm yuvası!

Modern tikililər-quşların ölüm yuvası!

Almaniyanın Hamburg şəhərinin flora və faunası ilə məşğul olan idarə şəhər hakimiyyətini, ictimaiyyəti təcili tədbir görməyə çağırıb. Hazırda Elba çayının birbaşa üstündə salınan, hamburqluların fəxrlə "Hafen city" adlandırdıqları yeni şəhərcik quşların həqiqi mənada qəbirstanlığına çevrilib. Hər gün şəhərin küçələrində ən azı 3-4 ölmüş quş görmək olar. "Qatil" isə modern üslubda tikilmiş binaların nəhəng şüşələridir. Məsələ burasındadır ki, şüursuz heyvancığazlar parlaq, təmiz şüşələri hiss etmirlər və elə uçduqları sürətlə də özlərini şüşələrə çırpırlar. Ümumiyyətlə Avropa şəhərlərində bu yeni problem deyil. Burada şəhərlərin küçələrində tez-tez iri çəkilmiş quş rəsmlərinə rast gəlmək olar. Uçan quş həmin rəsmləri gördükdə başqa quş hesab edərək toqquşmamaq üçün istiqamətini dəyişir. İndiki halda isə bu xeyli çətindir. Xeyli hündür olan şüşə binaların nəhəng vitrinlərini başdanbaşa quş rəsmləri ilə bəzəmək lazımdır. Üstəlik şəhərcik hələ də tikilməkdədir. Binaların bir çoxu tikilib qurtarmayıb, amma hazır olan aşağı mərtəbələr quşlar üçün ölüm mənbəyidir. Flora və faunanın müdafiəsi ilə məşğul olan idarə tezliklə tədbir görülməsini istəyir. İdarənin rəsmisi deyir ki, hər gün 4-5 ölü quş artıq həddən çoxdur, üstəlik onlar əmindilər ki, bu rəqəm daha böyükdür. Belə ki, şüşələrə çırpılan quşlar yaralana bilər və yaralı halda bir qədər uzağa uçub orda ölə bilərlər. Belə getsə, tezliklə Hamburqun yeni simvolu sayılan "Hafen city"-nin küçələrində nümayişlər adi hala çevriləcək. Heyvanlara qarşı son dərəcə həssas yanaşan almanlara bircə belə çağırış bəs edər ki, istirahətini atıb onların müdafiəsinə qalxsınlar. Problemin necə çözüləcəyi isə hələlik məlum deyil.

Şahin Abasov

SİA-nın Almaniyadakı müxbiri

Bütün xəbərlər Facebook səhifəmizdə