Almaniyanın "Bild" qəzeti həyəcan doğuran yazı dərc edib. Bu ölkədə hər 6 uşaqdan birinin çəkisi normadan xeyli artıqdır. Redaksiyaya iki nəfər mütəxəssis dəvət edən qəzet onlara istinadən yazır ki, bu köklük həmin uşaqların ən azı 80%-də bütün ömrü boyu qalmaqda davam edir. Redaksiyanın qonaqları olan professor Dietrix Grönemeyer və Professor Hans Hauner valideynləri öz uşaqlarını sözün hərfi mənasında ölümə sürükləməməyə çağırıblar. Bu cür köklükdən əziyyət çəkən uşaqlar gələcəkdə özlərini ürək-damar xəstəliklərinin, xərçəngin, şəkərin cənginə vermiş olurlar. Uşaqların qida tərbiyəsi ilə isə birbaşa valideynlər məşğul olmalıdırlar. Qida tərbiyəsi isə bugünkü gündə asan məsələ deyil. Həkimlər valideynləri uşaqlarına "bunu ye, bunu yemə" əmr və qadağalarından çəkinməyə çağırır.
"Qadağa heç bir fayda gətirməyəcək əksinə, həmin qidanı uşağa daha da şirin göstərəcək. Lazımdır ki, heç uşağın özünə müraciət etmədən tərəvəzlərin, meyvələrin faydasından, onların necə bir güc mənbəyi olmasından danışasan. Belə olduqda uşaq həmin qidani özünə daha yaxın biləcək",- deyən professor Dietrix Grönemeyer uşqaların gündəlik qidalanması üçün bir dəfə isti və iki dəfə soyuq yeməyin bele kifayət etdiyini, amma bunun düzgün qurulmasının vacibliyini bildirir.
Onun fikrincə 8 yaşlı oğlan uşağına gün ərzində 1900 kalori, həmin yaşda qız uşağına isə 1700 kalori yetərlidir. Bundan çoxu artıq piy toplamağa gedir. Uşaqların gündəlik qidasında meyvə, tərəvəzlər, süd, süd məhsulları, kartof, düyü, çörək və digər un məmulatları mütləq olmalıdır. Bundan əlavə həftədə bir neçə dəfə yumurta, ən azı bir dəfə isə balıq olması yaxşıdır. Alman həkimi ət və heyvan yağlarını bir qədər arxa plana çəkir və bunları uşaqlara az-az verməyi tövsiyə edir. Uşaqların hər hansı bir meyvəni və ya yeməyi ümumiyyətlə bəyənməyərək yeməmələrini həkim normal qəbul etmir. Uşağın hansısa bir yeməyi guya xoşlamadığını (razılaşaq ki, bu hal azərbaycan ailələrində daha tez-tez baş verir) deyərək, ona bunu verməmək sadə çıxış yoludur. Məsələn yerkökünü bəyənməyən uşaq onun şirəsinə bir az portağal şirəsi qatıldıqda içəcək. Yetər ki, bunu uşağa təqdim etməyi bacarasan. Həkimlər ən təhlükəli qida kimi isə "Burger" və "FastFood" qidalarını görürlər. Onlar bayırda yeyiləcəyi halda "Burger"dənsə, hər hansı bir tərəvəz dönərinə üstünlük verirlər. Əlbəttə, həkimlər indiki uşaqların "FastFood"-a olan istəklərini bilibən bundan tamamilə imtina etməyin mümkün olmayacağı ilə razılaşırlar.
"Həftədə bir dəfə problem yaratmaz, amma bundan çoxu arzuedilən deyil",- deyə professor H. Hauner valideynlərə güzəştə gedir. Amma, professor qidalanma prosesinin də xeyli dərəcədə vacib olduğunu bildirir. İndiki valideynlərin özlərinin belə televizor önündə yemək yediyini vurğulayan mütəxəssis uşaqlarda bunun çox zərərli vərdişə çevrildiyini deyir. Bütün ailə ilə birlikdə yemək stoluna oturmaq çox vacibdir. Bunu heç olmasa gündə bir dəfə adət halına salmaq lazımdır.
Bütün bunlara diqqət yetirməyi xahiş edən həkimlər valideynləri öz uşaqlarının gizli düşmənləri olmamağa çağırır. Lap balacalıqdan əllərinə nə keçdi uşağın ağzına dürtən və uşağı həddən artıq kök böyüdən valideynlər isə daha ciddi səhv buraxırlar.
Şahin Abasov
SİA-nın Almaniyadakı müxbiri

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB