Alman gənclər Azərbaycanı necə tanıyır?

Alman gənclər Azərbaycanı necə tanıyır?

Azərbaycan Gənclər və İdman Nazirliyi və Berlindəki "Humbolt" Universitetinin birgə keçirdiyi, alman uşaqları və gəncləri arasında "Mən Azərbaycan haqqında nə bilirəm?" hekayə müsabiqəsi noyabrın 10-na qədər davam edəcək. Müsabiqənin məqsədi alman uşaq və gənclərinin Azərbaycan haqqında məlumatlılığını yoxlamaq, onların bu ölkə haqqında olan biliklərini daha da genişləndirmək və dərinləşdirməkdir. Universitetin rəhbəri, Azərbaycan haqqında dərin və ətraflı biliklərə malik olan doktor Eva-Maria Auxun sözlərinə görə, müsabiqə alman uşaqlar və gənclər arasında Azərbaycan milli mədəniyyətinin təbliğində, ümumiyyətlə ölkənin tanıdılmasında uğurlu rol oynayacaq. 14-29 yaşlar arasında geniş auditoriyanı əhatə etdiyi üçün müsabiqə iki yaş qrupu arasında bölünüb. 14-18 yaşlı uşaqlardan şeir və ya hekayə,19-29 yaş aralığında olan gənclərdən isə bir qədər geniş məlumatlı, Azərbaycanı özündə əks etdirən kiçik elmi araşdırma tələb olunur. İşlər ən azı 2500 söz (təxminən 10 səhifə) həcmində olmalı və müəllifin şəxsiyyətini təsdiq edən sənədlə birlikdə təqdim olunmalıdır. Müsabiqəyə təqdim olunacaq işlər alman və azərbaycanlılardan ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Müsabiqənin qalibləri Azərbaycan İdman və Gənclər Nazirliyinin xətti ilə Azərbaycana 7 günlük səfər edəcəklər. Nazirlik tərəfində tərtib olunacaq maraqlı səfər proqramında da müsabiqə qalibləri əyani olaraq Azərbaycan haqqında biliklərini daha da genişləndirmək imkanı qazanacaqlar.

Şahin Abasov

SİA-nın Almaniyadakı müxbiri

Bütün xəbərlər Facebook səhifəmizdə