Rusiya "Azadlıq"ı istəmədi

Rusiyada təşkilatların maliyyələşdirilməsi haqqında qəbul olunmuş qanun ciddi rezonansa səbəb olub. Artıq qanunun qüvvəyə minməsi ərəfəsində bir çox xarici təşkilatlar və qurumlar Rusiyanı tərk etməyə hazırlaşır. Belə qurumlardan birinin də Azadlıq Radiosu olduğu bildirilir. 1953-cü ildə təsis edilmiş və soyuq müharibə dövründə Sovet ölkələrini qərb dünyasında baş verənlərlə tanış edən qurumun qeyd edilən qanuna uyğun olaraq, noyabr ayının 10-dan bu ölkədə fəaliyyətini dayandıracağı bildirilir. Yeni qanun maliyyə mənbəsinin 48 faizindən çoxu xaricdən olan media qurumlarının Rusiyada fəaliyyətini qadağan edir. Dünən bir qrup etirazçı Moskvadakı ABŞ səfirliyi qarşısında bununla bağlı nümayiş keçirib, onlar Azadlıq Radiosunun Rusiyadakı şöbələrinin bağlanması və radiodakı işçilərin kütləvi şəkildə qovulmasına qarşı etiraz edib. Azadlıq radiosunda bir müddət əvvəl çalışmış Kiril Filimonov qurumun ABŞ rəhbərliyinin reaksiyasına məyus olduğunu bildirib.

"Azad Avropa/Azadlıq Radiosu Rusiya iqtidarının ürəyincə olmayan müxtəlif məsələləri işıqlandıran çox az olan media qurumlarındandır. Rusiyada demokratiyaya dəstək göstərməsi, demokratiyanın inkişafına vəsilə olması, demokratiya quruculuğunda bizə kömək olmaları - Amerika administrasiyasının bu siyasətini bəyənirəm. Ancaq onların hazırda etdikləri bu siyasətə tamamilə ziddir", - deyə Kiril Filimonov bildirib.

"Əvvəla onlar bizi toplantıya çağırdılar, dedilər ki, struktur dəyişikliyi, ştatda ixtisarlar aparılacaq. Sonra isə bizi bir- bir otağa çağıraraq, işdən qovulduğumuzu dedilər. Başımıza elə bil qaynar su tökdülər - çox gözlənilməz bir hiss idi", - deyə Veronika Bode - Azad Avropa /Azadlıq radiosunun sabiq müxbiri bildirib.

Azadlıq Radiosunun Rusiya şöbəsinə yeni direktor seçilmiş Maşa Gessen isə bütün deyilənlərlə razılaşmayıb. O, təmsil etdiyi qurumun Rusiyadan "şələ-külələrini yığması" haqqında dolaşan iddiaları təkzib edib.

Maşa Gessen: "Azadlıq radiosu haqqında xeyli yalnış məlumatlar dolaşmaqdadır, guya, Azadlıq Radiosu Rusiyadan çıxır. Bu deyilənlər həqiqətdən çox uzaqdır. Demək istədiyim odur ki, biz Rusiyaya böyük yatırımlar edirik. İlk dəfə olaraq Azadlıq Radiosu şöbə direktorunu məhz reportajların aparıldığı ölkədə yerləşdirir".

Azadlıq Radiosunun rəsmisi bütün radio yayımlarının dayandırılması və 38 işçinin ixtisarı haqqında məlumatları təsdiq etsə də, qurumun Rusiyada qalacağını və internet üzərində yayımı davam etdirəcəyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə