İtaliyanın ehtiras atributlarından olan "Ferrari" və "Maserati"-nin başında qara buludlar dolanmaqdadır. Mario Monti hökumətinin büdcə kəsirlərini azaltmaq yolunda atdığı radikal addımlar ilk olaraq super idman avtomobillərini zərbə altına qoyub, həm də üçqat zərbə. İlk zərbə birbaşa istehsala aiddir. "Bahalı super avtomobillər böhrana tab gətirərdi, əgər hökumət bu sahəyə son dərəcə təzyiq göstərməsəydi", - deyə "Ferrari"nin rəsmi sözçüsü şikayətlənir.
Onun sözlərinə görə, ötən il Siciliyadakı bahalı avtomobil istehsal edən zavod bağlanıb və bu il daha biri bağlanacaq. "Hazırda avtomobil istehsalçılarına, xüsusən də lüks maşınlar istehsalçısına ən yaxşı qərar Avropanı tərk etmək olardı. Köhnə dünyada yalnız iki bazar qalıb, Almaniya və Böyük Britaniya. Ona görə də istehsalı Asiya və ya Amerikaya keçirmək lazımdır "- deyən sözçü çıxış yolunu yalnız belə görür.
İkinci problem yeni avtomobil alıcıları ilə bağlıdır. Proqnozlara görə, İtaliyada təkcə bu il lüks avtomobil alıcıları iki dəfə az olacaq. Ötən il satılan 1186 avtomobil qarşılığında bu il təxminən 600-ə ümid bəslənilir. Burda da əsas günah hökumətin üzərinə düşür. Bahalı avtomobil sahiblərinə qoyulan vergi xeyli qaldırılıb. Məsələn qiyməti 314 min avro olan "Lamborghini Aventadorun" sahibi ildə 8,4 min avro vergi ödəməlidir. Ötən il bu rəqəm 6,6 min avro idi. İtalyanları qəzəbləndirən həm də odur ki, onlar hər il bu vergini ödəməli olduqları halda Almaniya, ABŞ, Çin kimi ölkələrdə belə bir vergi mövcud deyil. Daha bir məsələ odur ki, hazırda yeni hökumətin vergi sistemi sahibkarlarla ciddi maraqlanmağa başlayıb və çox bahalı avtomobil vergi müfəttişlərini özünə cəlb edir. Varlılar diqqət cəlb edən avtomobili almağa meylli deyillər. Bu məqam özündə sonuncu, üçüncü problemi də aydınlaşdırır. Belə ki, italyanlar nəinki yeni lüks maşınlar almırlar, hətta əvvəl illərdə aldıqlarından da can qurtarmağa çalışırlar. Əvvəllər İtaliya öz küçələrində şütüyən superbahalı avtomobillərlə başqa ölkələr qarşısında qürrələnə bilərdisə, indi onlar sanki yoxa çıxıb. "Ferrari" Sahibləri Klubunun sahibi Rossa Fabio Barone-nin sözləri maraq doğurmaya bilməz: "Bir çox "Ferrari" sahibləri vergi polisinin tədbirlərin birində kluba gəlib hər bir avtomobil sahibini yoxlamasından sonra öz maşınlarından tezliklə can qurtarmağa çalışırlar. Klub üzvlərindən biri hətta ötən il 224 min dollara aldığı maşını indi cəmi 143 minə satmağa məcbur olub".
Klub sahibini sözlərinə görə, bu ilin ilk 6 ayında işlənmiş bahalı avtomobil satanların sayı ötən ilki 4900 nəfərdən 13600 nəfərə qalxıb.
İndi italyanlar yarı zarafat, yarı ironiya ilə bu hökumətin qarajlarında "Ferrari"-yə yer yoxdur deyirlər. Və səbrlə böhrana qədərki firavan dövrlərin qayıdacağını gözləyirlər.
Şahin Abbasov
SİA-nın Almaniyadakı müxbiri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB