Gürcüstan prezidenti Mixail Saakaşvili ölkədə keçirilmiş parlament seçkisində qələbə qazanmış "Gürcü arzusu" blokunun rəhbəri, baş nazirliyinə namizəd Bidzina İvanişvili ilə görüşünün nəticələri barədə danışıb.
Gürcü mediası xəbər verir ki, M.Saakaşvili bunları deyib: "İlk dəfədir ki, bu regionda icra hakimiyyətinin yarısının sülh yolu ilə təhvil verilməsi baş tutur. Gürcü xalqı öz seçimini edib və biz bu xalqın seçiminə hörmətlə yanaşırıq. Gürcüstan tarixində ilk dəfə olaraq xalqın mənafeyi nəzərə alınmaqla demokratiyanın saxlanması hadisəsi gerçəkləşib".
M.Saakaşvili B.İvanişvili ilə arasında bir sıra fundamental məsələlərdə fikir ayrılıqlarının olduğunu bildirib. Amma başlıca məsələ Gürcüstanda demokratiyanın olması və azad seçkilərin keçirilməsidir: "Əsas odur ki, demokratiya güclənir və onun inkişaf imkanları var. Gürcü xalqının gələcəkdə də yaxşı yaşaması üçün mən Gürcüstan prezidenti kimi onun maraqlarının qorunmasına çalışacağam. Bu, qarşıdakı aylar və illərdə əsas hərəkəverici qüvvəm olacaq".
M.Saakaşvili ilə görüşün nəticələrini şərh edən B.İvanişvili isə bildirib ki, xarici siyasət məsələlərində, o cümlədən Gürcüstanın NATO və Avropa Birliyi ilə münasibətlərində hazırkı dövlət başçısı ilə eyni mövqedən çıxış edir. "Bu mənəda fikir ayrılıqlarımız yoxdur. Bizim strategiyamız Avropaya inteqrasiyadır", - deyən "Gürcü arzusu"nun lideri əlavə edib ki, M.Saakaşvili ilə görüş gürcülərin mədəni xalq olduqlarını göstərdi.
İvanişvili bir daha vurğulayıb ki, Gürcüstanda hakimiyyət dəyişikliyi sülh yolu ilə, demokratik metodlarla, "opponentin layiqli olmayan hərəkətinə layiqli cavab verməklə" gerçəkləşdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB