Böhran kabusu "qonaq" gəldi

Dünya iqtisadiyyatı 2008-ci ildən başlamış böhran atəşinin sönməsini hələ 10 il gözləməli olacaq. Belə pessimist proqnozla Beynəlxalq Valyuta Fondunun baş iqtisadçısı Olivye Blanşar çıxış edib.

Ekspertin fikrincə qeyri-sabitliyin özəyi Avropa olacaq. Borclu Avropa ölkələrində qiymətlərin endirilməyəcəyi və AB-nin iqtisadi cəhətdən güclü ölkələrində qiymət artımının qarşısı alınmayacağı təqdirdə böhran daha da dərinləşə bilər. Xüsusilə Almaniya alıcılıq qabiliyyətini tənzimləyə bilmək üçün inflyasiyaya sərbəstlik verməlidir. Başqa sözlə deyilsə, güclü dövlətlər və əsas da Almaniya avrozonada ümumi inflyasiyanın 2% ola bilməsi üçün öz daxilində bu rəqəmin 2%-dən yuxarı olmasına imkan vermək məcburiyyətində qalacaq. Blanşarın sözlərinə görə, inflyasiyanı stabil, aşağı səviyyədə saxlamağı davam etdirmək olar, amma bu maliyyə sistemini ciddi təhlükə altına sala bilər. O, büdcə xərclərinin azaldılması ideyasını dəstəkləyir, amma bunun çox radikal addımlarla həyata keçirilməsinin əleyhinədir. Mütəxəssisin fikrincə islahatların tədricən nəzərə çarpmayacaq formada aparılması bazarı qorxuya salmaz və həmin ölkələrin iqtisadiyyatına etimadsızlıq aradan qalxar, təcili və kəskin addımlar isə əksinə, öldürücü zərbə ola bilər. Blanşarın bu təklifi, xüsusilə inflyasiyaya sərbəstlik verilməsi hissəsi ilk olaraq Almaniyada tənqidlə qarşılanıb. Almanlar 1920-ci il hiperinflyasiyanın təkrarlana biləcəyindən ehtiyat edirlər.

Böhranın uzunmüddətli bəla ola biləcəyini bir qədər əvvəl İngiltərə bankının rəhbəri Mervin Kinq də demişdi. Bank rəhbərinin proqnozu təkcə İngiltərəyə aid olsa da avrozonadan asılı olması ilə qloballaşır.

"Böhrana qədər olan göstəricilərə dönmək xeyli zaman alacaq. İngiltərənin iqtisadiyyatının avrozonadan asılı olması isə müddəti daha da uzada bilər. Düzdür, biz stabilliyin müəyyən işartılarını görə bilərik, amma bu son dərəcə zəif olacaq. İrimiqyaslı maliyyə böhranından sonra tezliklə stabilliyə qayıtmağın mümkünlüyünə mən şübhə edirəm. Bu xeyli zaman istəyən bir prosesdir" - deyən, cənab Kinq krizis kabusunun uzunmüddətə "qonaq" gəldiyini qeyd edib".

Bu proqnozların fonunda daha bir sanballı siyasi fiqur, Avroqrupun rəhbəri və Lüksemburqun baş naziri Jan-Klod Yunkerin sözləri də maraq doğurur. Avropanı krizisin əlində can verən kimi göstərməyə meylli olanlara cavab olaraq cənab Yunker avrozonaya daxil olan dövlətlərin bir sıra göstəricilərinin ABŞ, İngiltərə, Yaponiya kimi ölkələrdəkindən daha yaxşı olduğunu və avronun ən stabil valyutalardan biri olduğunu diqqətə çatdırıb.

Şahin Abasov

SİA-nın Almaniyadakı müxbiri

Bütün xəbərlər Facebook səhifəmizdə