Alman mətbuatı təxminən iki ay öncə verdiyi proqnozlarının təsdiqlınməyindən yazır. O ərəfədə Yunanıstanın baş nazirini olduqca soyuq və sərt qarşılayan Almaniya və Fransa liderlərilə görüşdən sonra bu ölkəyə yoxlamaların yekununa qədər gözləmək tövsiyə olunmuşdu. Elə onda mətbuat ekspertləri yoxlamaların ürəkaçan bir nəticə verməyəcəyini demişdilər. Yunanıstanın pərişanlığına rəğmən elə belə də oldu.
Avropa Birliyi, Avropa Mərkəzi Bankı və Beynəlxalq Valyuta Fondu üçlüyünün yoxlamaları və bunu əasında danışıqlar uğursuz nəticələndi. "Üçlüyün nümayəndələri Yunanıstandakı struktur islahatlarının lazımi səviyyədə aparıldığına əmin deyil", - deyə qurumlardan birinin rəsmi sözcüsü mətbuata açıqlayıb. Onun sözlərinə görə xüsusilə narahatlıq yenidən qurulmalı olan səhiyyə sistemindəndir. Söhbət ümumilikdə büdcə xərclərinin 2013-2014-cü illərdə 12 milyard avro azaldılmasından getsə də bəzi ekspertlər bunu Yunanıstanın indiki durumunda olduqca optimist və əlçatmaz hesab etmişdilər. İş o yerə çatıb ki, danışıqlardan sonra üçlük ixtisara salınması tələb olunan məbləğin tam 10 milyardını "bağışlamağa" məcbur olub. İndi qalır oktyabrın 18-də baş tutacaq AB-nin sammitində kompromis variantın rəsmi təsdiq tapması. Avropadan "gözü qorxan" Yunanıstanda bu kompromisi əldə edə biləcəklərini həyəcanla gözləyirlər. Bu ölkənin maliyyə naziri yerli jurnalistlərin sualına "gözləməliyik" cavabını verib.
Vəziyyəti çətinə salan bir məqam da var ki, bu da AB ilə BVF arasındakı qərar fərqliliyidir. AB nümayəndələri Yunanıstana zaman verilməsini məqsədəuyğun hesab elədiyi halda BVF nümayəndələri bundan sonrakı islahatlar davamında Yunanıstanı öz ixtiyarına, daha dəqiq öz taleyinə buraxmaq istəyindədirlər. Tərəflər oktyabrın 8-ə qədər ortaq məxrəcə gəlməlidirlər. Məhz bu tarixdə veriləcək qərarla Yunanıstan kreditin novbəti, 30 milyardlıq tranşını ala, ya almaya bilər. Xatırladaq ki, 2010-cu ilin may ayından bu yana AB, AMB və BVF üçlüyü Yunanıstana 240 milyard maliyə ayırıb. Buna baxmayaraq son 5 ildə ölkən iqtisadiyyatı durmadan enişə getməkdədir.
Şahin Abasov,
SİA-nın Almaniyadakı müxbiri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB