Saakaşvili paytaxtda müxalifətə uduzdu

Xəbər verildiyi kimi, Gürcüstanda keçirilən parlament seçkilərinin ilkin nəticələri açıqlanıb. "Exit-poll"arın nəticələrinə rəğmən, iqtidar partiyası parlamentdə çoxluq qazanacağına ümidlidir. "Exit-poll" nəticələrini şərh edən "Milli Hərəkat"ın mətbuat katibi Çiora Taktakişvili bəyan edib ki, saat 17.30-a Tiflisdə "Milli Hərəkat"la "Gürcü arzusu"nun nəticələri təxminən eyni olub. Bölgələrə gəldikdə isə burada iqtidar daha çox səs qazanıb.

"Öz seçimini açıqlamaq istəməyənlərin sayı çoxdur. 32 faiz yüksək göstəricidir. Nəticələrin davamını gözləmək lazımdır", - deyə o vurğulayıb.

Çiora Taktakişvilinin sözlərinə görə, "Milli Hərəkat" bir çox dairələrdə qələbə qazanıb. O bildirib ki, proporsional və majoritar sistemlərin ümumi nəticələrinə əsasən iqtidar partiyası parlamentdə çoxluq təşkil edəcək.

Proporsional sistem üzrə "Exit-poll" nəticələri açıqlandıqdan sonra prezident Mixail Saakaşvili xalqa müraciət edib. O etiraf edib ki, proporsional sistem üzrə müxalif "Gürcü arzusu" qalib gəlib. Onun sözlərinə görə, Bidzina İvanişvilinin rəhbərlik etdiyi koalisiyanın qələbəsini Tiflisdə yığılan səslər təmin edib. Majoritar sistem üzrə nəticələrə gəldikdə isə prezident "Milli Hərəkat"ın qələbə qazandığı bəyan edib.

"Parlamentdə kimin çoxluq qazanacağı birazdan bilinəcək. Lakin indidən demək olar ki, seçkilər baş tutub. Gürcüstan hakimiyyəti vəd etdiyi kimi şəffaf seçkiləri keçirə bildi. Paytaxtda müxalifət güclü oldu, bölgələrdə isə üstünlük biz tərəfdədir. Lakin bu o demək deyil ki, biz ölkəni paytaxt və bölgələrə bölürük. Biz hamımız Gürcüstan vətəndaşlarıyıq və indi hamımızın demokratik proseslərə qoşulmağımız vacibdir. Mən prezident kimi yeni parlamentə keçidin ağrısız keçməsinin təminatı olacam", - deyə Saakaşvili vurğulayıb.

Gürcüstanda keçirilən parlament seçkilərinin "exit-poll" nəticələri açıqlanıb. Gürcü mətbuatının verdiyi məlumata görə, 3 ayrı-ayrı təşkilatın keçirdiyi "exit-poll"un nəticələri hakim "Milli Hərəkat" üçün ürəkaçan deyil. ABŞ-ın "Edisson Research" təşkilatının açıqladığı nəticələrə görə, müxalif "Gürcü arzusu" 51 faiz, Saakaşvilinin "Milli Hərəkatı" 41 faiz, "Xristian demokratlar" 4 faiz, digər partiyalar isə ümumilikdə 3 faiz səs qazanıb.

Almaniyanın GFK təşkilatı isə bildirir ki, "Gürcü arzusu"na 35 faiz, Saakaşvilinin "Milli Hərəkatı"na 30 faiz, "Xristian demokratlar"a 1,36 faiz səs verilib. Respondentlərin 32 faizi ümumiyyətlə seçkilərdə kimə səs verdiyini açıqlamaq istəməyib.

Yuxarıda qeyd edilən təşkilatlardan fərqli olaraq "Gürcü arzusu"na yaxınlığı ilə seçilən "Seçicilər Liqası"nın "exit-poll"u daha kolorit görünür. Bu təşkilata inansaq, müxalifət seçkilərdə 70, 24 faiz, iqtidar isə 24,66 faiz səs qazanıb.

Onu da qeyd edək ki, artıq müxalif "Gürcü arzusu" koalisiyası parlament seçkilərinin baş tutduğunu bəyan edib. Müxalif blokun nümayəndəsi David Saqanelidze bildirib ki, səsvermə zamanı qanun pozuntuları qeydə alınsa da, onlar ümumi prosesə təsir etmək gücündə deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...