Çin Avropanı qorxuya salır

"Onlar arxa qapıdan gələn qonağa bənzəyirlər"

Çinin tikinti konsernləri Avropada futbol meydançaları, sürətli yollar tikməyi ucuz qiymətə öz üzərlərinə götürə biləcəklərini bildiriblər. Avropa kompaniyaları isə bundan təşvişə düşüblər. Onlar rəsmi Brüsseldən təcili surətdə Çinin tikinti kompaniyalarının AB-də fəaliyyətini tənzimləyəcək qanun qəbul etməsini tələb edirlər.

Avropalı tələbələrin Çində işləyə bilməsinə şərait yaradılması da əlavə olunub. Əks halda xeyli dərəcədə fərqli qiymət təklif edən, Çin inşaatçıları avropalıları iflasa uğrada bilərlər: "Onlar Avropa tikinti bazarına sanki arxa qapıdan girirlər. Bu yaxınlarda Polşada elan olunan tikinti tenderlərinin birində onların təklif etdiyi qiymət ən ucuz qiymətdən belə 30 faiz aşağı idi"- deyə, Almaniya tikinti sənayesi birliyinin rəhbəri Mixail Knipper Handelblatter-ə müsahibəsində şikayətlənir. Cənab Knipperin şikayəti başa düşüləndir. Çinlilərin Avropa tikinti bazarına girişi ilk növbədə Almaniyanı narahat edir. Tikinti sahəsində avropada dominantlığa məhz bu ölkənin irili-xırdalı tikinti firmaları edirlər. Çinlilərin gəlişi isə xüsusən kiçik alman firmalarına ölümcül zərbə ola bilər.

Əslində avropalıların həyacan təbilini bugünkü gün üçün deyil, sabah üçün çaldıqlarını demək olar. Hazırda Avropada çinli inşaatçıların iş payı 3 faizdən də aşağıdır. Hətta dünya üzrə Çin tikinti şirkətlərinin hegemonluğu cəmi bir iki il öncəyə gedib çıxır. Buna qədər dünya bazarında Fransanın "Vinci" və "Bouyges" nəhəngləri liderlik edirdi. Amma 2011-ci ilin yekun rəqəmlərinə görə ilk üç yeri birdən-birə Çin tikinti şirkətləri tutdu. "Vinci" 4-cü yerlə kifayətlənməli oldu. Amma bu hələ ki, Çinin özünün də daxil olduğu ümumi dünya bazarında belədir. Avropada isə Çin hələlik nəhəng işlərdən "China Road and Bridge Company"-nin Belqradda Dunay üzərindən tikdiyi körpü və Serbiyada sürətli müasir avtobanın tikintisi ilə qürrələnə bilər. Böyük Avropa tikinti şirkətləri hələ ki, optimist görünürlər. Yenə də Handelblatt-a müsahibəsində Avstriyanın "Strabag" tikinti konserninin rəhbəri Hans-Peter Haselstaynerin sözlərindən də bunu hiss etmək olar. "Ola bilsin ki, biz Afrika bazarını onlara uduzmuşuq, amma Avropa onların bacara bilməyəcəyi iri layihələrin meydanıdır" deyən Konsern rəhbəri buna sübut olaraq çinlilərin ucuz qiymət təklif etmələrinə baxmayaraq futbol üzrə Avropa Çempionatı öncəsi avtobanların tikilişi kimi nəhəng layihəni uda bilməmələrini misal gətirir.

Buna baxmayaraq sabahkı gün xeyli dərəcədə təşviş doğurur. Qayıdaq Mixail Knipperin müsahibasinə. Alman tikinti şirkətləri birliyinin rəhbəri hesab edir ki, mürəkkəb mühəndis işi tələb olunan tikintilərdə çinlilər avropalılara çata bilməzlər və keyfiyyət səviyyəsində də xeyli geri qalırlar. Amma çinlilər təklif etdikləri qiymətin aşağı olması ilə müştərini özlərinə cəlb edə bilərlər. Məsələn, alman mütəxəssis bu yaxınlarda elan olunan, İngiltərədə 5 Atom Elektrik Stansiyasının tikintisi tenderində çinlilərin iştirakından narahatdır. Onun fikrincə çinlilər belə strateji və qəza zamanı son dərəcədə təhlükəli ola biləcək obyektlərin tikintisinə hazır deyillər. Avropa bazarında açıq rəqabətdə çinlilərin onlara bata bilməyəcəyini deyən Mixail Knipper rəsmi Brüsseldən məhz bunu tələb etdiklərini bildirir:"Çin şirkətləri gəlib məsələn, Rumıniyada firma açırlar, sonra Rumıniya tarifləri ilə Almaniyada xidmət təklif edib tikinti işi götürürlər. Biz Brüsseldən bunun tənzimlənməsini istəyirik. Hazırda Rumıniyada tikinti sənayesində işin bir saatı orta hesabla 3,35 avrodursa, Almaniyada bu 23,40 avrodur" -deyən, cənab Knipper bundan əlavə Avropa şirkətlərinin də Çində işləyə bilməsinə şərait yaradılmasının ədalətli olacağını nəzərə çatdırır. Hazırda Çində tikinti sahəsində iş görmək avropalılara çox çətinlik hesabına başa gəlir. Onlar hələ tenderə gəlib çıxana qədər belə bir çox bürokratik maneələrlə üzləşməli olurlar. Təsadüfi deyil ki, hazırda avropalıların Çin tikinti bazarında payı aşağı enərək cəmi 1% olub.

Şahin Abasov,

SİA-nın Almaniyadakı müxbiri

Bütün xəbərlər Facebook səhifəmizdə