32 silahlı zərərsizləşdirildi

Misirin Sinay yarımadasında silahlı dəstələrə qarşı genişmiqyaslı hərbi əməliyyatlar keçirilib. Rəsmilərin verdiyi məlumata görə, əməliyyatlar nəticəsində azı 32 nəfər öldürülüb. Əməliyyatlara başçılıq edən genral Əhməd Məhəmməd Əli bildirib ki, əməliyyatlar zamanı Sinay yarımadası ilə Qəzza bölgəsi arasında yerləşən 30-a yaxın tunel də, həmçinin, məhv edilib. Onun sözlərinə görə, bölgədə tankların və helikopterlərin dəstəyi ilə hərbi əməliyyatlar davam etdiriləcək. General hazırda da əməliyyatların davam etdirildiyini və bunun 1979-cu ildə İsraillə əldə edilmiş sülh razılaşmasına zidd olmadığını qeyd edib.

Xatırladaq ki, Sinay yarımadasında silahlı qarşıdurmalar 5 avqust tarixində Misir sərhədində hərbi postlardan birinə edilən hücumdan sonra başlayıb. Hücum nəticəsində 16 hərbiçi öldürülmşüdü.

Bu arada, Misir məhkəməsi 5 avqust hadisələri ilə bağlı paytaxt Qahirə küçələrində keçirilən etiraz aksiyaları zamanı həbs edilən 4 Misir vətəndaşını azadlığa buraxıb. Onlar aksiya zamanı prezident Məhəmməd Mursinin maşın karvanına hücum edərək onun yolunu kəsməyə çalışmışdılar.

Bütün xəbərlər Facebook səhifəmizdə