İşsizlərin sayı çoxalır

Avropada işsizlərin sayı çoxalır

SİA-nın Almaniya bürosu statistika agentliyi olan "Eurostat"-a istinadən xəbər verir ki, AB ölkələrində işsizlərin sayı artmaqdadır. Son araşdırmalar bütün üzv ölkələr üzrə bu göstəricinin 11,1 faiz olduğunu bildirir. Ötən ilin eyni vaxtı ilə göstərici 9,5 faiz olub. AB-yə üzv olan 27 ölkədə ümumi işsizlərin sayı hazırda 17,561 milyon nəfərdir ki, bunun da 3,412 milyonu 25 yaşına qədər olan vətəndaşlardır. Təkcə ötən ayla müqayisədə işsizlərin sayı 151 min nəfər çoxdur. Ötən ilə nəzərən isə artım 1,952 milyon nəfəri göstərir. İşsizlərinin sayına görə yalnız Avstriya, Hollandiya, Lüksemburq və Almaniya qürrələnə bilər. Ən pis vəziyyət isə gözlənildiyi kimi, İspaniya və Yunanıstandadır. Bu ölkələrdə təxminən hər dörd nəfərdən biri (uyğun olaraq 24,6 və 22,9 faiz) iş axtarışındadır. Agentlik kişi və qadınlara nəzərən də statistikanı göstərib. Ötən illə müqayisədə işsiz kişilərin sayı 9,5 faizdən 11,2-yə, qadınların sayı isə 9,6 faizdən 11,1-ə qalxıb. Müşahidəçilər krizisin atributlarından olan işsizliyin hələ artmaqda davam edəcəyi qənaətindədirlər.

Şahin Abasov - SİA-nın Almaniyadakı müxbiri

Bütün xəbərlər Facebook səhifəmizdə