Almaniya özü yardım istəyir

Şərqi Almaniya əyaləti olan Türingen torpağının iqtisad naziri bəyan edib ki, hazırki "vergi həmkarlığı" sistemi Qərbi Alaniyaya çatmaq üçün yetərli deyil və əlavə maliyyə vəsaitinə ehtiyac var. Nazir yeni "2030" strategiyası hazırlanmasını tələb edib.

Bu strategiyaya görə, Şərqin Qərbə çatması üçün 2030-cu ilə qədər trilyon avro investisiya qoyulmalıdır. SİA-nın Almaniya bürosu xəbər verir ki, rəqəm ilk baxışdan fantastik görünsə də nazirin fikri əksər ekspertlərin rəyi ilə üst-üstə düşür. Yardımı isə həm Federal mərkəz, həm də ölkənin daha çox inkişaf eləmiş digər əyalətləri öz üzərinə götürməlidir. Bəyanat elə inkişaf eləmiş bəzi inzibati əyalətlərdə etirazla qarşılanıb. Onsuz da 1991-ci ildən bəri davam edən Şərqi Qərbə çatdırmaq siyasəti Qərb əyalətlərində xoş qarşılanmır. Artıq 20 ildən çoxdur ki, Qərbi Almaniya vergiödəyiciləri öz qazanclarından Şərqə pay ayırırlar. Qərbdə yaşayan sadə almanlar tez-tez şərqdəki həmvətənlərini "hazıryeyən tənbəllər" adlandırmaqdan çəkinmirlər. Ən çox yük isə Almaniyanın ən varlı əyaləti sayılan Bavariyanın üzərinə düşür.

Təkcə ötən il Şərqə verilən yardımın tam yarısı bu əyalətin boynuna düşüb. Artıq Bavariya da geri qalan əyalətlərə yardım etmək istəmir. Münhendə bu məsələ ilə bağlı yaxın zamanda Federal məhkəməyə şikayət hazırlandığı da bildirilir.

Şahin Abasov

SİA-nın Almaniyadakı müxbiri

Bütün xəbərlər Facebook səhifəmizdə