İrəvan polisi ABŞ-ın Ermənistandakı səfirliyinin dəstəyi ilə Budapeştdə Beynəlxalq Mühafizə Orqanları Akademiyasında təkmilləşmə kursu keçən 10 zabiti geri çağırır. SİA-nın trend-ə istinadən verdiyi məlumata görə, "Novosti-Armeniya" xəbər verir ki, Ermənistan DİN təmsilçisi Vladimir Qasparyan ABŞ-ın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Con Heffernə məktub göndərib. O, məktubda Heffernə təkmilləşmə kurslarının təşkilində səylərinə görə təşəkkür edib və qeyd edib ki, erməni zabitlər Budapeştdə qala bilməzlər.
Xatırladaq ki, Ermənistan Prezidenti Serj Sarkisyan ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri ilə görüşündə Macarıstanla diplomatik münasibətlərin və bütün rəsmi əlaqələrin dayandırıldığını bəyan etmişdi.
Qeyd edək ki, Macarıstanda həbsdə olan Azərbaycan Ordusunun zabiti Ramil Səfərov cümə günü Azərbaycana gətirilib. O, ölkə başçısının sərəncamı ilə əfv olunub.
Ramil Səfərov 2004-cü ilin yanvar ayında Müdafiə Nazirliyinin sərəncamı ilə NATO proqramları çərçivəsində Macarıstanın Budapeşt şəhərində keçirilən 3 aylıq ingilis dili kurslarına ezam olunmuşdu.
Vətənə dönməyə 20 gün qalmış - fevral ayının 19-da kurslarda iştirak edən Qurqen Markaryan adlı erməni zabitini Azərbaycan bayrağını təhqir etdiyinə görə, qətlə yetirmişdi. Elə həmin tarixdə Budapeştin hüquq-mühafizə orqanları tərəfindən həbs olunmuşdu. Budapeşt Şəhər Məhkəməsinin 13 aprel 2006-cı il tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum edilmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB