"Gürcüstan korrupsiyaya uğramamış, vətəndaşlarını müdafiə etmək əzmi olan ölkədir. Kənarcan qanunsuzluğun və qeyri-sabitliyin ixracına imkan verməyəcək". Belə bir bəyanatı Gürcüstan prezidenti Mixail Saakaşvili Kaxetiya regionunda Kvarelidəki bağ evindən verib. Onun çıxışı televiziya vasitəsilə canlı yayımlanıb.
M.Saakaşvili Gürcüstan-Rusiya sərhəddinin Dağıstan-çeçen istiqamətində yaxşı təchiz olunmuş silahlı qruplaşma peyda olduğunu və yerli Gürcüstan vətəndaşlarını əsir götürdüyünü bildirib. "Biz bir neçə dəfə bu qruplaşmanın üzvləri ilə danışıqlar apardıq və rədd cavabı aldıq. Ardınca atışma baş verdi və dəstənin bir üzvünü məhv etdik. Sonra qarşıdurma bütün ötən gecə boyu davam etdi", - deyən prezident baş verənləri təsvir edib. Üç gürcü döyüşçünün də həlak olduğunu vurğulayan dövlət başçısı silahlı qruplaşmanın üzvlərinin əksəriyyətinin məhv edildiyini diqqətə çatdırıb.
Terror hadisəsinə siyasi qiymət verən M.Saakaşvili bunu şimaldan Gürcüstana qanunsuzluğun ixrac edilməsi cəhdi adlandırıb. "90-cı illəri biz yaxşı xatırlayırıq. Həmin vaxt bizim şimal qonuşumuz özünün böyük nizamsızlıqlarını Gürcüstana daşımışdı. Burada öz hərbi qüvvələrini yerləşdirmişdi. Ardınca Sxinvalidə, Abxaziyada və Pankisi dərəsindəki hadisələr baş verdi", - deyib xatırlatma aparan dövlət başçısı barmağı ilə Qafqaz dağlarını göstərərək onun o tərəfindəki Rusiyada böyük nizam-intizamsızlıqların yaşandığını, Gürcüstanda isə əksinə geniş miqyaslı quruculuq işlərinin getdiyini vurğulayıb.
M.Saakaşvili çıxışında Şimali Qafqazdakı xalqlara da müraciət ünvanlayıb. Bildirib ki, Gürcüstan Qafqaza birgə mədəniyyətin, siyasətin və iqtisadiyyatın məkanı kimi yanaşır. O, mövcud məkandakı xalqlarla dostluq münasibətlərinin inkişafında maraqlı olduqlarını bildirib. Saakaşvili çıxışında həmçinin həlak olmuş gürcü həbrçilərinin ailələrinə başsağlığı verib və əmin edib ki, Gürcüstan vətəndaşlarını heç bir təhlükə gözləmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB