Suriya İnsan Haqları müşahidəçi qrupunun verdiyi məlumata görə, ötən gün təhlükəsizlik qüvvələrinin paytaxt Dəməşqətrafı rayonlarına hücum etməsi nəticəsində azı 27 nəfər öldürülüb. Hücum zamanı yaşayış məntəqələrinin raket zərbələrinə məruz qaldığı bildilir. Müxalifət fəallarının sözlərinə görə, Əsəd ordusu şəhərətrafı rayonlarda keçirdiyi xüsusi əməliyyatlarla zorakılıqlardan qaçmağa çalışan mülki insanları da qətlə yetirir. Fəallar Hələb, İdlib və Dəraa şəhərlərində yaranmış qarşıdurmalar zamanı çoxlu sayda silah-sursat əldə etdiklərini xəbər veriblər. Hazırda üsyançıların ciddi hücumlara hazırlaşdığı bildirilir.
Bu arada, ötən gün prezident Bəşər Əsəd yenidən televiziya qarşısına çıxıb. Paytaxt Dəməşqdə dövlət televizyasına müsahibə verən Əsəd ölkədə baş verən zorakılıqlara görə, Türkiyəni ittiham edib.
"Suriyada davam edən zorakılıq halları sifarişlə törədilir. Bunu edənlər ölkəni dağıtmaq istəyirlər. Döyüşlər əvvəlcə Dəraa şəhərində başladı, daha sonra Homs, paytaxt Dəməşq, Hələb, Latakiya və digər şəhərlərdə davam etdirildi. Onlar ölkənin müxtəlif yerlərində hücumlar təşkil edərək zorakılıqların ölkə miqyasında yayıldığını göstərməyə çalışırlar. Biz həm daxildə, həm də qlobal müharibə aparırıq və bu müharibədə biz üstünük. Lakin tamamilə qələbə çalmaq üçün bizə vaxt lazımdır. Türkiyənin mövqeyi bəllidir. Mən Suriyada baş verən qətliyamlara görə, Türkiyəni cavabdeh hesab edirəm. Türkiyə ilə münasibətlərimiz konkret olaraq hansısa fərddən və ya hökumətdən asılı deyildi, bizim qədim tarixə malik dostluğumuz var idi. Belə bir suala cavab verməliyik. Həmin dövrə geri qayıtmaq, yoxsa, bundan sonra Türkiyə ilə gələcək münasibətlərimizi müəyyənləşdirməliyik?! Ordumuz istənilən rayona girdikdə müqavimətə baxmayaraq, asanlıqla oranı ələ keçirə bilir. Bufer zonanın yaranması məsələsinə gəlincə isə, bunu istəyən düşmən ölkələr özləri də bilirlər ki, bu plan baş tutan deyil", - deyə Əsəd sözlərini ifadə edib.
Qeyd edək ki, müxalifətin iddialarına görə, artıq 18 aydır ki, davam edən döyüşlərdə 20 mindən çox insan öldürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB