Sarkoziyə şükür...

Fransanın yeni prezidenti François Holland "erməni soyqırımı" ilə bağlı olan məlumatların sentyabrın 4-dən dərsliklərə əlavə edilməsini istəyib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Fransa Təhsil Nazirliyi erməni məsələsinin artıq dərsliklərdə olacağını bildirib.

Tarix və coğrafya dərsliklərində 1910-1920-ci illərdə dünya tarixində baş verən hadisələrdən bəhs edən bölmədə Fransada təhsil alan 14-15 yaşlı şagirdlər "erməni soyqırımı" başlıqlı hissə ilə də tanış ola biləcəklər. Beləliklə, şagirdlər qondarma soyqırım barəsində iddia kimi deyil, tarixi bir fakt kimi məlumat əldə edəcəklər.

Artıq Türkiyədə bununla bağlı həyəcanlar başlayıb. Hətta Hollandın bu qərarını Sarkozinin "erməni soyqırımı"nı inkar edənlərin cəzalandırılması qanunundan da təhlükəli hesab edirlər. Çünki sinifdə öyrədilən bu fakt yetişən gəncliyin düşüncəsini birmənalı olaraq dəyişdirəcək.

Dərslikdə Osmanlı imperiyasının digər millətlərə qarşı davranışı və 1915-ci ildə ölən ermənilərin sayı da açıqlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə