Qərarın təşəbbüskarı 7 uşaq anası olan əmək naziridir
Bundan sonra Almaniyada səbəbsiz olaraq dərs buraxan şagirdin valideyni pulla cərimə ödəməli olacaq. SİA-nın Almaniyadakı0 xüsusi müxbiri bildirib ki, qərarın təşəbbüskarı Əmək naziri Ursula fon der Lyayendir. Qeyd etmək yerinə düşər ki, Ursula fon der Lyayne özü yeddi uşaq anasıdır. Nəzərə alsaq ki, Almaiyada yeni dərs ili artıq başlayıb, onda xanım Lyayenin bu məsələni rəsmi dairələrdə indi qaldırması zamanında olduğu aydınlaşar. Bu barədə statistika da xanım məmura xeyli əsaslar verir. Belə ki, hazırda hər 6 alman məktəblisindən biri üzürsuz səbəbdən dərsə gəlmir. Xüsusilə acınacaqlı rəqəm ondan ibarətdir ki, Almaniyada işsizlərin tam yarısı orta təhsili bitirməyənlərdir.
Əmək nazirinin təşəbbüsünə xeyli tərəfdar çıxanlar var. Xüsusilə ictimaiyyət içərisində bu qərarı dəstəkləyənlər çoxdur. Hətta, sosial-demokratlar da rəqib olmasına baxmayaraq Ursula fon der Lyayeni dəstəkləyiblər. Polislərin Həmkarlar Birliyinin sədri Rayner Vendt qərarın daha bir nöqteyi-nəzərdən vacib olduğunu bildirib. Onun sözlərinə görə, bu tipli cərimənin qüvvəyə minməsi yeniyetmələr arasında cinayətkarlığı da azaldacaq. Uşaqlar məktəbdə daha çox olacaqlar və üstəlik biləcəklər ki, tənbəllik və yalançılıq da cəzalandırıla bilər. Daha bir tərəfdar isə Parlamentdə təhsil komitəsinin üzvü Sven Şultsdur. Deputat dərsə gəlməyən şagirdlərin daha çox sosial durumu qənaətbəxş olmayan rayonlarda yaşadıqlarını deyib və qərarı bu ərazilərə nəzarəti gücləndirmək istiqamətində irəli bir addım kimi qiymətləndirib. Almaniyada yaşayan türklər də tənqiddən kənarda qalmayıblar. Berlindəki problemli rayonlardan birinin inzibati rəhbəri dərsə gəlməyən şagirdlərin böyük bir hissəsinin məhz türk immiqrantlarının uşaqları olduğunu deyib və cərimə cəzasının onlara xüsusilə təsir edə biləcəyini vurğulayıb. Alman sosioloqlar da həvəslə təsdiqləyirlər ki, türk valideynlər uşaqlarının evdən kənarda nə işlə məşğul olduqları ilə az maraqlanırlar, valideyn yığıncaqlarına maraq göstərmirlər, müəllimlərlə ünsiyyətdə olmurlar və yalnız pul cəriməsi onları nəzərəçarpacaq qədər buna vadar edə bilər.
Əlbəttə, qərarın əleyhinə çıxış edənlər də var. Təhsil və elm işçilərinin ümumalmaniya Həmkarlar Birliyinin sədri Ulrix Tene qərarın yanlış addım olduğu qənaətindədir. Onun fikrincə dərs buraxan şagirdlərin sosial durumu aşağı olan ailələrdən olması artıq ona sübutdur ki, bu ailələr maddi cəhətdən çətinlik çəkirlər və uşaqların dərsə gəlməmələrini həm də bununla əlaqələndirmək lazımdır. Ulrix Tene belə ailələri əlavə cərimə ilə yükləməkdən öncə ordakı uşaqların yüksək ixtisaslı pedaqoqlar tərəfindən nəzarətə götürülməsini daha məqbul sayır. Amma o da faktdır ki, Almaniyada peşəkar pedaqoqların qıtlığı var və bu praktiki olaraq mümkün deyil.
Hələlik cərimənin məbləği və bunun ailənin hansı gəlirindən tutulacağı da sual olaraq qalır. Təbii ki, cəriməni şagirdlərin özləri deyil, onların valideynləri ödəməli olacaqlar, amma, əksəriyyət bu məbləğin elə ailəyə daxil olan 180 avro uşaq pulundan tutulmasını daha rahat və məntiqə uyğun hesab edir.
Şahin Abasov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB