Xəbər verdiyimiz kimi, ötən axşam İran İslam respublikasında növbəti dəfə zəlzələ baş verib. 5 ballıq yeraltı təkanlar yerli vaxtla saat 17:49-da Şərqi Azərbaycan vilayətində - Təbrizdən 71 km şimal-şərqdə qeydə alınıb. Yerin 5 km dərinliyində meydana gələn zəlzələ Azərbaycanın Naxçıvan və Lənkəran bölgələrində də 3 bal gücündə hiss olunub. Zəlzələnin Vərziganda meydana gəldiyini xəbər verən "İrna" agentliyi yeraltı təkanların yerli sakinlər arasında təşvişə səbəb olduğunu bildirib. Məlumata görə, təbii fəlakət nəticəsində insan təlafatı və dağıntı meydana gəlməyib. Yeraltı təkanlardan təşvişə düşən sakinlər hələ də evlərinə qayıtmaqdan ehtiyyatlanır.
Zəlzələdən zərərçəkənlərə ilk yardım Azərbaycandan olub. Belə ki, Qızıl Aypara Cəmiyyəti zəlzələdən zərərçəkənlərə yardım kampaniyasına başlayıb. Kampaniyaya avqustun 14-dən start verilib, açılmış bank hesabına artıq 2 min manat vəsait daxil olub. Lakin bu gün İranın Şərqi Azərbaycan vilayətində baş vermiş zəlzələdən zərərçəkənlərə kömək məqsədilə yardım toplayan 4 azərbaycanlı fəal həbs edilib. Meysəm Azadi, Oktay Rəşidi, Vahid Səidxani və Firudin Ağazadə Urmiya şəhərində əhalidən yardım toplayıb avqustun 15-də Vərzigana gedərkən yolda polis tərəfindən tutulub. Hazırda azərbaycanlı fəalların harada saxlanıldığın barədə məlumat yoxdur.
Qeyd edək ki, ilkin qiymətləndirmələrə görə, İranda baş vermiş zəlzələnin vurduğu ziyan 650 milyon dollar təşkil edir. İranın Şərqi Azərbaycan əyalətində zəlzələ nəticəsində 307 kəndə ziyan dəyib. Zəlzələ zonasının 4 şəhərində isə binalar çatlayıb.
Xatırladaq ki, avqustun 11-də İranda baş vermiş zəlzələ nəticəsində 306 nəfər həlak olub, 2000 nəfər isə yaralanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB