300 ölü, 3000 yaralı

İranın Təbriz şəhəri yaxınlığında baş verən zəlzələ nəticəsində ölənlərin sayı 306-ya çatıb. Yeraltı təkanlar nəticəsində 3 mindən artıq insan müxtəlif dərəcədə xəsarət alıb. SİA-nın xəbərinə görə, Birləşmiş Ştatların geologiya xidməti zəlzələ təkanlarını rixter cədvəli ilə 6.4 və 6.3 bal gücündə olduğunu və episentrin Təbriz şəhərinin Şimal-şərqində 9.8 kilometr dərinlikdə qeydə alındığını bildirmişdi. Təkanlar, eyni zamanda, Əhər, Vərzəqan və Həris şəhərlərinə də ziyan vurub. Zəlzələ nəticəsində 20 kəndin tamamilə dağıldığı, 130-dan çox kəndə isə ciddi ziyan dəyib. Həmçinin, son iki gündə 36 xırda təkanlar qeydə alınıb.

Minlərlə insan artıq iki gündür ki, gecəni çöldə keçirir. Hökumət evsiz qalan 16 min insanı sığınacaqla təmin etməyə çalışır. Ölkədə iki günlük matəm elan edilib. Ötən gün Zəlzələ bölgəsində olan İranın daxili işlər naziri Mustafa Məhəmməd Nəccər dəyən şəhərə dəyən ziyanın aradan qaldırılması üçün maliyyə vəsatinin ayrıldığını bildirib.

Bu gün isə İranın Şərqi Azərbaycan əyalətinin Vərzəqan şəhərində yenidən Rixter cədvəli üzrə 4,7 bal gücündə zəlzələ qeydə alınıb. Tehran Universitetinin Geofizika İnstitutu yanında Seysmoloji Mərkəz zəlzələnin yerli vaxtla bu gün saat 06:26-də baş verdiyini bildirib. Zəlzələ nəticəsində dağıntı və xəsarət alanlar barədə məlumat yoxdur.

Bu arada İran hökuməti bəzi ölkələrin yardım təklifini qəbul etməyib. Lakin Azərbaycan tərəfinin təklifinə müsbət cavab gəlib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi ilə Fövqəladə Hallar Nazirliyi tərəfindən 25 avtomobildən ibarət maşın karvanı İran İslam Respublikasının zəlzələdən zərər çəkmiş bölgəsinə yola salınıb.

Avtomobil karvanı ilə 3000 ədəd ədyal, 1000 ədəd yataq dəsti, 460 ədəd çadır, un, düyü, çay, qənd, yağ, makaron, meyvə şirələri, içməli su və digər zəruri ərzaq məhsulları təbii fəlakət bölgəsinə çatdırılacaq. Bu gün isə Azərbaycandan daha 3 avtomobildən ibarət maşın karvanı İran İslam Respublikasının zəlzələdən zərər çəkmiş bölgəsinə yola salınıb.

Azərbaycanın Təbrizdəki baş konsulluğun əməkdaşları dünən və bu gün səhər zəlzələnin törətdiyi fəsadların aradan qaldırılması məqsədilə yaradılan Mərkəzi qərargahda olublar. Qərargahdan verilən məlumata görə, yeraltı təkanlar zamanı həlak olanlar və yaralananalar arasında Azərbaycan vətəndaşları yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə