Suriyada xalq hərəkatının başladığı gündən bəri 20148 nəfər öldürülüb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə məlumat Suriya İnsan Hüquqları Müşahidə Missiyasının (SNHR) hazırladığı hesabatda yayılıb. Hesabatda ölənlərdən 1 499 nəfərin uşaq, 1 417 nəfərin qadın, 256 nəfərin 60 yaşından yuxarı olduğu, 697 nəfərin isə işgəncə ilə öldürüldüyü bildirilib. Hesabatda həmçinin Humusda 6 105, İdlibdə 3 000, Hamada 2 526, Dəməşqətrafı qəsəbələrdə 2 486, Dərada 2 097, Hələbdə 1 177, Dəyruz Zorda 1 133, Dəməşqin mərkəzində 664, Ləzkiyyədə 472, Hasəkədə 138, Rakada 79, Kuneytrada 73, Tartusda 72, Suveydada 21 və əcnəbi əslli 105 nəfərin öldürüldüyü qeyd edilib.
Bu arada Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrin xarici işlər nazirləri və digər ərəb ölkələri liderləri Səudiyyə Ərəbistanının Ciddə şəhərində bir araya gəliblər. Görüş İslam Əməkdaşlıq Təşkilatının sabah Məkkədə keçiriləcək sammitinə hazırlıq məqsədi daşıyıb. Sessiya ərəb dünyasında baş verən ən son hadisələrin müzakirəsinə həsr olunacaq. Əsas müzakirə obyekti isə Suriya olacaq. Sammitdə İran prezidenti Mahmud Əhmədinejadın iştirakı xüsusi maraqla gözlənilir, çünki Tehranla Ər-Riyad arasında Suriya münaqişəsinə dair ziddiyyətlər yaranıb.
Ciddədə sammitqabağı görüşdə iştirak edən İranın xarici işlər naziri Əli Əkbər Salehi Tehranın Suriyaya hərbi müdaxilənin əleyhinə olduğunu bir daha bəyan edib: "Suriyalıları vəziyyətdən heç bir xarici müdaxilə olmadan çıxış yolu axtarırlar. Təbii ki, biz də Suriya münaqişəsinə xarici müdaxiləyə, o cümlədən qeyri-uçuş zonasının elan edilməsinə razı deyilik".
Qeyd edək ki, Salehinin bu bəyanatı ABŞ-ın dövlət katibi Hillari Klintonun ölkəsinin və Türkiyənin Əsəd əleyhdarlarına yardım edilməsinə, eləcə də qeyri-uçuş zonasının tətbiq edilməsinə dair bütün mümkün vasitələrdən istifadə edəcəyini bildirdikdən 1 gün sonra verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB