Rusiya hərbi dəniz qüvvələri xarici sulardakı gücünü artırır

Rusiya hərbi dəniz qüvvələri xarici sulardakı gücünü artırır
Rusiya hökuməti ölkədən kənarda fəaliyyət göstərən Hərbi Dəniz donanması bazalarının sayını artıracaq. Bunu Rusiya Hərbi Dəniz Qüvvələri Komandanı Viktor Çirkov bu gün keçirdiyi mətbuat konfransında deyib. Qeyd edək ki, keçmiş SSRİ-nin xarici dəniz hövzələrində 2 hərbi dəniz donanması bazası olub. 1991-ci ildə SSRİ-nin dağılmasından sonra dəniz donanmalarının xaricdəki mövqeləri zəifləmişdi. Admiral Çirkovun sözlərinə görə, Rusiya donanmaları Suriyanın Tartus, Veytnamın Kamran, Kuba adalarındakı mövqelərini möhkəmləndirəcək. Qeyd edək ki, keçmiş SSRİ dövründə Kuba adaları yaxınlığında ABŞ atom sulatı gəmiləri ilə mütamadi insidentlər baş verirdi. Viktor Çirkovun sözlərinə görə, anoloji halın baş verməməsi üçün Rusiya sualtı atom gəmilərinin sayı çox olmayacaq. Bundan başqa Rusiya Hərbi Dəniz Qüvvələri atom sualtı gəmilərini yeni nəsil texnologiya ilə əvəz edəcək. Çirkovun sözlərinə görə, yeni sualtı gəmilər dizel və atom nüvələri ilə deyil, dənizdəki hidrogen və oksigen vasitəsi ilə əldə olunan yanacaqla çalışacaq. Rusiya Müdafiə Nazirliyi 2020-ci ilə qədər hərbi dəniz arsenalının artırılmasına modernləşməsinə 200 milyard dollar məbləğində vəsait xərcləməyi nəzərdə tutub.

Vüqar Əliyev

Bütün xəbərlər Facebook səhifəmizdə