İspan xalqı özünü boğaza qədər borca salan və üstəlik bu borc müqabilində ağır şərtlər qəbul edən hökumətdən narazıdır və artıq ölkənin 80-dən artıq şəhərində xalq küçələrə çıxıb. Əhalini xüsusilə qəzəbləndirən hökumətin budcə xərclərini son dərəcə azaltmaq barədə götürdüyü öhdəlikdir.
Maraqlıdır ki, bu məsələdə ispanlar öz hökumətləri qədər Almaniyanı, daha doğrusu kansler Angela Merkeli də günahlandırılar. Bütün aparıcı ispan qəzetləri birinci səhifələrində xanım Merkelin karikatiuralarını, şarjlarını dərc eləməkdədirlər. Almaniyanın "dəmir ledi"si kinayə ilə ciddi müəllimə, evlər idarəsinin müdiri, vampir qadın və s. rollarda təqdim olunur. Qəzetlerdən biri isə acı kinayə ilə kanslerin "Miss İspaniya 2012" adı altında şarjını verib. Xatırladaq ki, bənzər hadisələr Yunanıstanda da olmuşdu. Onda da yunanlar öz bəlalarında milli hökumətdən çox Almaniyanı günahlandırırdılar və xanım Merkel kəskin tənqid olunurdu. İndi də İspaniyanın demək olar ki, bütün iri şəhərlərini bürümüş etiraz nümayişlərində Angela Merkelin adı milli hökumətdən daha tez-tez səslənir. İspanlar təkcə karikaturalarla kifayətlənmirlər. Məvaciblərinin aşağı salınacağından qəzəblənən dövlət məmurları açıq bəyanatlardan çəkinmirlər. Məsələn, ədliyə məmuru olan Peynar Mukida deyir ki, Merkel avronu xilas eləmək istəyir, ara yerdə əziyyət çəkən biz oluruq. Bu qadın unudur ki, avrozona yaradılanda bütün üzv ölkələr eyni iqtisadi səviyyədə deyildi. İndi isə o bizi Almaniya ilə eyniləşdirməyə cəhd göstərir. Bununla da ölkəmizi dözülməz vəziyyətə sürükləyir.
Ölkədə isə etiraz nümayişləri getdikcə təhlükəli vəziyyət almaqdadır. Artıq bir-birinin ardınca gecə dağıntılarl xəbərləri gəlməkdədir. Yerli mətbuat burda da kinayəli zarafatından qalmayıb. Bəzi qəzetlərin yazdığına görə belə davam edərsə bütün ölkəni bürüyüən kütləvi iğtişaşların nəticəsi ağır olacaq və hökumət alacağı kreditin böyük bir hissəsini elə dağıdılmış küçələrin, vitrinlərin bərpasına xərcləməli olacaq. Son gələn xəbərlərdə yanğınsöndürənlərin də aksiyalara qoşulduqları bildirilir. Yanğın təhlükəsizliyinin keşiyində dayanmalı olan adamlar küçələrə üst paltarlarını soyunaraq sinələrində "Siz bizi o qədər soymusunuz ki, daha bir şey qalmayıb" şüarı ilə çıxıblar. Xatırladaq ki, küçələrə çıxan əhalinin əsas narazılığı gəlir vergisinin 18%-dən 21%-ə qaldırılması, işsizlərə ayrılan sosial yardımın aşağı salınması və dövlət məmurlarının sosial təminatının 20% azaldılmasıdır.
Bu arada avro ilə bağlı bədbin xəbərlər gəlməkdə davam edir. Avro dollara qarşı mövqelərini itirməkdə davam edir. İnvestorların valyutaya inamsızlığının davam etməsi yenə də borc krizisinin aktual qalması və əsas qarant olan Almaniyanın özündə sənaye istehsalı qiymətlərinin oynamasıdır. Ayın göstəricilərinə görə bu ölkədə qiymətlər 0,4% aşağı düşsə də ötən ilin eyni vaxtı ilə müqayisədə 2,1% yüksəkdir.
Şahin Abasov,
SİA-nın Almaniyadakı xüsusi müxbiri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB