"İran rəsmi Moskvadan "S-300" zenit-raket komplekslərinə görə təzminat alacaq. "Mehr" xəbər agentliyinin yaydığı məlumata görə, bu barədə İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının sözçüsü Hüseyn Nəqəvi bildirib. Nəqəvinin sözlərinə görə, İran bunun üçün beynəlxalq məhkəməyə müraciət edib və şikayətini geri götürməyəcək. Bu arada Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Aleksandr Lukaşeviç İrandan satmaqdan imtina etdiyi "S-300" zenit-raket kompleksləri ilə bağlı beynəlxalq məhkəmədə qaldırdığı iddiasını geri götürməsini istəyib. Rusiya XİN sözcüsü bildirib ki, məsələ ikitərəfli razılaşma yolu ilə də həll oluna bilər. Aleksandr Lukaşeviç əlavə edib ki, beynəlxalq məhkəməyə müraciət etmək şübhəsiz, hər bir ölkənin haqqıdır: \"Ona görə də İranın Rusiyadan "S-300" zenit-raket komplekslərini təslim ala bilməməsindən dolayı beynəlxalq məhkəmədə iddia qaldırmaq haqqına sahib olduğunu rədd etmirik. Lakin bu problemlərin aradan qaldırılması üçün uyğun variant olmadığına inanmışıq və hələ də inanırıq\".
O deyib ki, Rusiya BMT Təhlükəsizlik Şurasının qərarına əsasən, "S-300" zenit-raket komplekslərini İrana təslim etməyib: "Biz artıq bu məsələdə ağılla hərəkət edilməsini və problemi qarşılıqlı şəkildə həll etməyi xahiş edirik". Xatırladaq ki, İrana 800 milyon dollarlıq "S-300" zenit-raket kompleksinin satılmasına dair müqavilə bir neçə il əvvəl imzalansa da Tehran həmin sistemi ala bilməyib. Rusiya prezidenti 2010-cu il sentyabrın 22-də fərman imzalayaraq İrana zenit-raket kompleksləri, iriçaplı artilleriya sistemləri, zirehli texnika, hərbi təyyarə, vertolyot və gəmilər satılmasını yasaqlayıb. Həmin fərmanla İrana Rusiyadan keçirməklə silah daşımaq da qadağan olunub. Ona görə də "S-300" zenit-raketləri kompleksləri ilə bağlı müqavilənin pozulmasından narazı qalan İranın Müdafiə Nazirliyi və "Aerospace İndustries Organisation" şirkəti Cenevrə Beynəlxalq Tretey Məhkəməsinə üz tutaraq Rusiyadan 4 milyard dolları təzminat istəyib.
Vüqar Əliyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB