Putinin qadağaları başlandı

Rusiya prezidenti Vladimir Putin "xarici agent funksiyasını yerinə yetirən" qeyri-kommersiya qurumları haqqında qanun imzalayıb. Kremlin rəsmi saytına istinadən xəbər verilir ki, iyulun 13-də Dövlət Dumasından, ayın 18-də isə Federasiya Şurasından keçmiş layihənin qanuna çevrilməsi ilə Rusiyada siyasi məqsədlə fəaliyyət göstərən və xaricdən maddi yardım alan təşkilatlar üzərində nəzarət həyata keçiriləcək.


Qanuna əsasən bu işin reallaşdırılması üçün ayrıca qurumun da formalaşdırılması nəzərdə tutulur. Həmin qurum ildə bir dəfə fəaliyyəti haqqında hesabat verəcək.


Qeyd edək ki, qanunun hədəf götürdüyü təşkilatlar öz məlumatlarını kütləvi informasiya vasitələrində yayarkən xəbərdə məhz xarici agent funksiyasını yerinə yetirdiklərini göstərməlidirlər.


Onu da deyək ki, son günlər Rusiyada sərtləşdirmə tədbirləri geniş vüsət almaqdadır. Bir neçə gün öncə böhtan və təhqirə görə məsuliyyətinə yenidən cinayət məcəlləsi müstəvisində dəyərləndirilməsini nəzərdə tutan qanun qəbul edilib. V.Putinin imzaladığı digər qanuna görə, internet faktiki olaraq dövlətin nəzarətinə götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə