Alman tankları Səudiyyə Ərəbistanına gedir - ŞOK

Alman tankları Səudiyyə Ərəbistanına gedir - ŞOK

Bir-birinə qarışmış və qarışdırılmış ərəb ölkələrində silah bazarını ələ keçirmək uğrunda hegemon dövlətlər acıq-gizli mübarizəni davam etdirirlər. SİA-nın xəbərinə görə, ötən ay bu bölgənin ən iri silah satanlarından olan Rusiya Suriyaya gizli göndərdiyi 3 hərbi vertolyotla "ilişəndə" Qərb dövlətləri əməlli-başlı səs-küy yarada bildilər.

Zorakılığa qarşı çıxdıqlarını bəyan edən Qərb əslində Rusiyanın gəlirli bazardan uzaqlaşdırılmasında maraqlı idi. Rusiyanın günahı isə onda idi ki, onun alıcısı bu günün Suriyasıdır. "Sabahın Suriyası" ola biləcək digər ərəb ölkələrinə isə açıq şəkildə silah satmaqda problem yoxdur. Məsələn, dünyada silah satışına görə hazırda 3-cü pillədə gedən Almaniyanın alıcısı Suriya deyil, onun qonşusudur. Son illər ordusunu modernləşdirməyə iri pullar xərcləyən Səudiyyə Ərəbistanı Almaniyadan ağır hərbi texnika almaqda israrlıdır. Söhbət 800-ə qədər tankdan gedir. Alman mətbuatının bir neçə mənbəyə istinadən yaydığı məlumatlara əsasən Krallığın müdafiə nazirliyi alman silah istehsalçıları olan Krauss-Maffei Wegman və Rheinmetall şirkətləri ilə artıq 300 belə maşının alınması ilə bağlı müqavilə bağlayıb. Mətbuatın yazdığına görə daha şirnikləndirici təklif önündə davam gətirə bilməyən nazirlik alman silahına xüsusi maraq göstərir və alınacaq tankların sayını 800-ə çatdırmaq niyyətindədir.


Məbləği milyardlarla ölçülən sövdələşmə hər iki ölkənin müxalifətinin tənqidinə tuş gəlib. Amma, adətən belə işlərdə həqiqətdən çox görüntü xatirinə edilən bu tənqidlər faydasız qalır. Məlum olduğu kimi Səudiyyə Ərəbistanının ABŞ-dan da müasir silahlar almaq istəyi var və ölkənin müdafiə nazirliyi bu istəyi reallaşdırmaqdan ötrü 60 milyard avrosundan keçməyə hazırdır.


Yeri gəlmişkən Alman hökuməti hələ 1980-ci ildə Krauss-Maffei Wegman və Rheinmetall şirkətlərinə Səudiyyə Ərəbistanı və digər ərəb ölkələrinə silah satmağı qadağan eləmişdi. Berlin o vaxt həmin silahlardan İsrailə qarşı istifadə oluna biləcəyindən ehtiyyatlandığını deyirdi. Hazırki xəbərlər isə başqa xarakterlidir. Artıq bir dəfə deyil ki, müxtəlif informasiya mənbələrində Səudiyyə Ərəbistanının Suriya qiyamçılarına hər cür, o cümlədən silahla yardım etdiyi xəbərləri öxünə yer alıb.


Şahin Abasov,

SİA-nın Almaniyadakı xüusi müxbiri

Bütün xəbərlər Facebook səhifəmizdə