Almaniya müsəlman və yəhudilərin əleyhinə qanun qəbul etməkdən çəkindi

Almaniya müsəlman və yəhudilərin əleyhinə qanun qəbul etməkdən çəkindi

Alman hökuməti oğlan uşaqlarının sünnət olunmasını qadağan edəcək qanunun qəbul olunmasından imtina edib. SİA-nın Almaniya bürosunun verdiyi məlumata görə, Nazirlər kabinetinin sözçüsü bunu ölkədə dini azadlığa tərəf daha bir addım kimi qiymətləndirib.

"Sünnəti müdafiə edəcəyinə söz verməklə Angela Merkel icmalara ölkədə iudaizm və islama tərəf olduqları ismarıcını göndərdi", deyə açıqlamada bildirilib.

Məsələ burasındadır ki, bir qədər əvvəl Köln məhkəməsi tibbi zərurət olmadan sünnətin edilməsini cinayət işi kimi qiymətləndirmişdi. Bundan sonra isə sünnəti qəsdən bədən xəsarəti yetirməklə eyniləşdirmək, eyni maddə ilə cinayət işi qaldırmaq fikri irəli sürüldü və bununla bağlı yeni qanun layihəsi ortalığa atıldı. Təbii ki, Almaniyada fəaliyyət göstərən və kifayət qədər gücə malik müsəlman və yəhudi icmaları buna kəskin reaksiya göstərdi.

Avropa Ravvinləri Assosasiyasının prezidenti isə daha ciddi ittihamla çıxış etdi: "Köln məhkəməsinin qərarı Holokostdan bəri yəhudilərə qarşı atılan ən ciddi hücumdur".

Bu reaksiyalardan sonra hökumətin atacağı addımın istiqaməti gözlənilən idi - Berlin əyalət məhkəməsinin səhvini təkrarlamadı.


Yerı gəlmişkən, bu dərs ilindən etibarən Almaniyanın Şimali Reyn-Vestfaliya vilayətində dövlət orta məktəblərində islam dini fənn kimi tədris proqramına salınıb. 2014-cü ildən isə Aşağı Saksoniya vilayətinin eyni addımı atmaq qərarı var. Ekspertlərin rəyincə yaxın gələcəkdə Almaniyanın digər 14 vilayətinin də layihəyə qoşulacağı gözlənilir. Təsadüfi deyil ki, ölkənin təhsil nazirliyi artıq bununla bağlı artacaq işini və xərclərini hesablamaqdadır. Nazirliyin hesablamalarına görə yaxın gələcəkdə 700 000 müsəlman şagirdə dərs keçmək üçün onlara əlavə 2000 müəllim lazım olacaq.


Şahin Abasov,

SİA-nın Almaniyadakı xüsusi müxbiri

Bütün xəbərlər Facebook səhifəmizdə