ABŞ dövlət katibi: "Suriya hərbisi öz xalqını qətlə yetirməkdə davam edir"

ABŞ dövlət katibi: "Suriya hərbisi öz xalqını qətlə yetirməkdə davam edir"

Klinton "Müsəlman Qardaşlığı"na hərbçilərlə dialoq tövsiyyə edib


Birləşmiş Ştatların dövlət katibi Hilari Klinton Misirə səfər edib. Səfəri zamanı yeni prezident Məhəmməd Muris ilə ilk görüşündə Klinton Misirdə siyasi böhranı aradan qaldırmaq məqsədilə Misir Hərbi Şurası və Müsəlman Qardaşlığı partiyası arasında dialoqların başladılmasının vacib olduğunu vurğulayıb. Səfəri çərçivəsində xarici işlər naziri Məhəmməd Əmr və Hərbi Şuranın rəhbəri Hüseyn Tantavi ilə keçirilən görüşlərindən sonra mətbuat konfransında çıxış edən Klinton bildirib ki, Ağ Ev rəhbərliyi Misirdə hakmiyyətin tamamilə mülkilərə ötürülməsini dəstəkləyir.


"Biz inqılab zamanı Misir xalqını təmsil edən Misir Hərbi Şurasının fəaliyyətini təqdir edirik. Suriya ilə müqayisədə bunların tam əksini görürük. Suriya hərbisi öz xalqını qətlə yetirməkdə davam edir. Lakin Misir Hərbi Şurası burada öz xalqını qorudu", - deyə Klinton sözlərini ifadə edib.


Çıxışı zamanı İsrail-Fələstin məsələsinə də toxunan xanım Klinton qeyd edib ki, iki ölkə arasındakı problemin həlli yalnız siyasi danışıqlardan keçir. "Bu isə Fələstin xalqının zorakılığa son qoyması və məsələnin siyasi həllini tapması üçün qətiyyət göstərməsindən asılıdır",- deyə Klinton əlavə edib.


Misirin xarici işlər naziri Məhəmməd Əmr isə çıxışı zamanı qeyd edib ki, prezident Mursi tərəflər arasında imzalanmış müqavilələrə hörmətlə yanaşır. Və buna görə də, digər tərəfin də şərtlərə əməl etməsini məsləhət görür.


Birləşmiş Ştatların Misirdəki səfirliyi qarşında isə Klintonun Misirə gəlişinə etiraz edən bir qrup insan aksiya keçirib. Aksiya iştrakçıları Klintona qarşı şuarlar səsləndirblər. Aksiyada "Misir satılmır", "Rədd ol, Klinton",- deyə plakatlara yazılmış sözlər nümayiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə